Aİ Ukraynaya 4,36 milyard avro ayırıb
Avropa Komissiyası 2026 və 2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində Kiyevə 4,36 milyard avro vəsait köçürüb.
Xəbər Experti xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilir.
Qeyd olunur ki, ayrılan vəsaitin 3,7 milyard avrosu büdcəyə makromaliyyə yardımı, 658 milyon avrosu isə hərbi təchizat, o cümlədən pilotsuz uçuş aparatları, zərbə raketləri, radarlar, radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatlarının alınmasına yönəldiləcək.
Avropa Komissiyasının məlumatına görə, 2026-cı il üçün Ukraynanın istifadəsinə hələ 25,2 milyard avro həcmində Avropa maliyyələşdirməsi qalır.
Bunun 20,9 milyard avrosu 90 milyard avroluq proqram çərçivəsində nəzərdə tutulub. Həmin vəsaitin 11,9 milyard avrosu silah alınmasına, 9 milyard avrosu isə dövlət büdcəsinin maliyyələşdirilməsinə ayrılacaq.
Bundan əlavə, 2024-cü ildə qəbul edilmiş və ümumi həcmi 50 milyard avro olan Ukrayna Fondu çərçivəsində daha 4,4 milyard avro vəsait mövcuddur. Bu proqramın maliyyələşdirilməsində Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən də istifadə olunur.










