Qarabağ Milli Parkının yaradılması hərtərəfli inkişafa yeni təkan verəcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Qarabağ Milli Parkı yaradılır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması və mövcud xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür. Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti artıq bərpa edilib. Qaragöl Dövlət Təbiət Qoruğunun, eləcə də Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində isə işlər davam etdirilir.
Vüqar Kərimov deyir ki, ümumi sahəsi 88 418 hektar olacaq bu milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərini əhatə edir. Bu milli parkın yaradılmasında əsas məqsəd Qarabağın zəngin ekosisteminin və təbii irsinin qorunması, biomüxtəlifliyin bərpası, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi və ekoturizmin inkişafıdır.
Qarabağ Milli Parkına ayrılan ərazilərdə məhv edilmiş meşə massivlərinin bərpası istiqamətində zəruri işlər həyata keçirilir: “Bu ərazilərdə 54 min hektardan çox tamamilə məhv edilmiş meşə ərazisi mövcuddur. Həmin ərazilərin bərpası ilə bağlı işlərə başlamışıq və 600 hektar ərazidə meşə bərpa layihələrini həyata keçirmişik. Bu işlərin sürətləndirilməsi üçün Cəbrayıl rayonu ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib və artıq istismara verilmə ərəfəsindədir. Həmin mərkəzin illik istehsal gücü 2 milyon ting olacaq. Bundan əvvəl bölgədə iki dövlət təbiət qoruğu – Qaragöl və Bəsitçay, həmçinin dörd yasaqlıq – Arazboyu, Daşaltı, Qubadlı və Laçın yasaqlıqları vardı. Yeni parkın sahəsi 88 min 400 hektara yaxın olacaq və Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa rayonlarının ərazisini əhatə edəcək”.
Nazir müavini əlavə edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində də yeni milli parkın yaradılması ilə bağlı tədqiqatlara başlanılıb. Hazırda ərazinin xəritə-sxem layihəsi hazırlanır.
Mİllət vəkili Vüqar Bayramovun sözlərinə görə, Qarabağ Milli Parkı Qarabağın tarixi zənginliyini və eyni zamanda, irsini təqdim etmək üçün kifayət qədər vacibdir. Nəzərə alsaq ki, burda bir tərəfdən təbii ekosistemlərin zənginliyi var, Qarabağ həm relyefinə, iqliminə, həm də təbiətinə görə, fərqlənən bölgələrimizdəndir: “Şərqi Zəngəzur iqtisadi rayonunda da oxşar üstünlüklər müşahidə olunur və təbii ki, biz artıq Qarabağ Milli Parkı vasitəsilə də həmin üstünlüklərin və zənginliklərin təqdim olunmasını müşahidə edəcəyik. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bir tərəfdən Qarabağ və Şərqi Zəngəzurun intensiv şəkildə bərpasına imkan yaradır. Digər tərəfdən məskunlaşma prosesinin sürətlənməsi və vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtması müşahidə olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizdə 100 min vətəndaşımız yaşayır, çalışır və təhsil alır. Onlardan 40 mini keçmiş məcburi köçkünlərdir”.
Millət vəkili qeyd edib ki, bütün bunların kontekstində Prezidentin rəhbərliyi ilə biz Qarabağda, Şərqi Zəngəzurda dağıdılmış irsin, eyni zamanda, tarixi abidələrin bərpasını müşahidə edirik. Qarabağ Milli Parkının yaradılması da məhz bu zənginliyin dövlət tərəfindən qorunub saxlanılmasına və təqdimatına imkan yaradacaq.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev bildirib ki, Qarabağ Milli Parkının yaradılması bölgənin turizm potensialının genişləndirilməsi və təbii sərvətlərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır: “Bu təşəbbüs Qarabağın zəngin biomüxtəlifliyinin, meşəlik ərazilərinin və unikal təbiət mənzərələrinin gələcək nəsillər üçün qorunmasına töhfə verəcək. Eyni zamanda, milli park ekoturizmin, təbiət turlarının və elmi-maarifləndirici səfərlərin inkişafı üçün yeni imkanlar yaradacaq. Düşünürəm ki, Qarabağ Milli Parkı gələcəkdə həm yerli, həm də xarici turistlərin maraq göstərəcəyi mühüm turizm məkanlarından birinə çevrilə bilər”.
Ekspert qeyd edib ki, bu proses bölgədə yeni iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına və əhalinin məşğulluğunun artmasına da müsbət təsir göstərəcək: “Əsas məqsəd turizm infrastrukturunu ekoloji tarazlığı qorumaq prinsipi əsasında qurmaq və təbiətdən səmərəli istifadəni təmin etmək olmalıdır. Qarabağ Milli Parkının yaradılması, düzgün planlaşdırıldığı təqdirdə, bölgənin ekoloji təhlükəsizliyinə, iqtisadi dirçəlişinə və Azərbaycanın beynəlxalq turizm imicinin güclənməsinə xidmət edə bilər”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşovun sözlərinə görə, Qarabağ Milli Parkının yaradılmasına yalnız ekoloji mühafizə tədbiri kimi deyil, regionun uzunmüddətli sosial-iqtisadi inkişaf modelinin tərkib hissəsi kimi yanaşmaq mümkündür. O bildirib ki, bu milli park, eyni zamanda, iki iqtisadi rayonu və fərqli təbii-landşaft zonalarını əhatə etməklə ekosistemlərin daha sistemli və vahid yanaşma əsasında idarə olunması üçün geniş ərazi çərçivəsi formalaşdırır: “Sərəncamda biomüxtəlifliyin bərpası və qorunması ilə yanaşı, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, təbii sərvətlərdən dayanıqlı istifadə, sosial-iqtisadi imkanların artırılması və ekoturizmin inkişafı əsas məqsədlər sırasında göstərilib. İşğaldan azad edilmiş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpasından sonra Qarabağ Milli Parkının yaradılması bu ərazilərdə mühafizə olunan təbiət sahələrinin daha sistemli şəbəkə şəklində formalaşdırılması baxımından da əhəmiyyət daşıyır. Bu yanaşma “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in həm “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, həm də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetləri ilə uzlaşır. Milli Prioritetlərdə işğaldan azad olunmuş ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası ilə yanaşı, yüksəkkeyfiyyətli ekoloji mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və ekoloji tarazlığın bərpası əsas istiqamətlər kimi müəyyən edilib”.
Ə.Dadaşovun fikrincə, Qarabağ Milli Parkının yaradılması ilə regionun təbii və mədəni potensialı əsasında müalicəvi turizm, istirahət turizmi və ekoturizm imkanlarının inkişaf etdirilməsi də Böyük Qayıdış çərçivəsində formalaşan iqtisadi fəaliyyət istiqamətləri ilə səsləşir: “Bu baxımdan Milli Parkın əhatə etdiyi Şuşa, Laçın və Kəlbəcər kimi ərazilərdə formalaşmaqda olan nəqliyyat, yerləşdirmə və xidmət infrastrukturu ilə təbiət əsaslı turizm məhsullarının gələcəkdə əlaqələndirilməsi mümkündür. Ekoturizm ərazinin daşıma qabiliyyəti, marşrutların zonalaşdırılması, biomüxtəlifliyin monitorinqi, tullantıların idarə edilməsi və yerli icmaların prosesə cəlb olunması əsasında təşkil edildikdə daha dayanıqlı iqtisadi nəticə yarada bilər.
Yeni Milli Parkın turizm baxımından əhəmiyyəti Azərbaycanda turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramın məqsədləri ilə də uzlaşır. Dövlət Proqramında regionlarda turizmin inkişafının təşviqi, rəqabətqabiliyyətli turizm məhsullarının formalaşdırılması və turizm layihələrinə investisiyanın stimullaşdırılması əsas istiqamətlər sırasındadır. Qarabağ Milli Parkı həmin çərçivədə təbiət əsaslı və ekoloji turizm məhsullarının formalaşdırılması üçün yeni resurs bazası yarada bilər”.
Ə.Dadaşov əlavə edib ki, Milli Parkın iqtisadi təsirini yalnız turist sayının artımı ilə ölçmək düzgün olmazdı: “Burada daha geniş dəyər zənciri – ekoloji bələdçilik, kənd və ailə tipli yerləşdirmə, yerli qida məhsulları, sənətkarlıq, nəqliyyat xidmətləri, təbiət müşahidəsi və digər kiçik sahibkarlıq fəaliyyətləri üzrə imkanlar nəzərə alına bilər. Eyni zamanda, Milli Parkın yaradılması regionun təbii irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından da əhəmiyyət daşıyır. Təbii ekosistemlərin elmi əsaslarla qorunması, nadir növlərin bərpası və ekoloji turizmin idarə olunan şəkildə təşkili Qarabağ və Şərqi Zəngəzurun turizm təqdimatında yalnız tarixi-mədəni irsin deyil, təbii irsin də daha sistemli şəkildə yer almasına imkan verə bilər”.








