Ermənistan parlamenti Azərbaycan əsgəri ilə bağlı qapalı müzakirə keçirib
Ermənistan parlamenti noyabrın 5-də Sünik vilayətinin Şaki kəndində saxlanılan Azərbaycan əsgəri ilə bağlı hadisəni müzakirə edib.
Xəbər Experti erməni mediasına istindən xəbər verir ki, müzakirə Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın təşəbbüsü ilə baş tutub və qapalı formatda keçirilib.
İclasda müdafiə naziri Suren Papikyan, daxili işlər naziri Arpine Sarkisyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan və İstintaq Komitəsinin sədri Artur Poqosyan iştirak ediblər.
Komissiyanın məlumatında müzakirənin məzmunu və nəticələri barədə hər hansı təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, Ermənistan ərazisində saxlanılan Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.
Araşdırma zamanı toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan Respublikasının ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.










