Sabah Bakıda 35, rayonlarda 39 dərəcə isti olacaq
Sabahın hava proqnozu: Paytaxtda yağmursuz, bəzi rayonlarda isə ildırımlı hava gözlənilir
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakı şəhəri və Abşeron yarımadasında hava şəraitinin əsasən quru keçəcəyi ehtimal olunur. Gün ərzində mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək. Paytaxtda havanın temperaturu gecə saatlarında 20-25° isti, gündüz isə 30-35° isti arasında dəyişəcək. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq, nisbi rütubət isə gecə 70-80 %, gündüz isə 50-55 % təşkil edəcək.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gündüz saatlarında bəzi dağlıq bölgələrdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi istisna edilmir. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə oluna bilər. Bölgələrdə mülayim şərq küləyi əsəcək.
Temperaturun rayonlarda gecə 22-27° isti, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 14-18° isti, gündüz 23-28° (bəzi yerlərdə 32-35° isti) olacağı proqnozlaşdırılır.










