Rusiyada kimya kompleksində yanğın – 1 ölü, 100-dən çox yaralı
Rusiyanın şərqindəki Amur bölgəsində tikilməkdə olan qaz-kimya kompleksində yanğın baş verib.
Xəbər Experti Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində bir Çin vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb. Yaralılardan ən azı 19-u xəstəxanalarda müalicə alır.
Müəssisədən verilən açıqlamada deyilir: “Sürətli tibbi müdaxiləyə baxmayaraq, subpodratçıda işləyən Çin vətəndaşını xilas etmək mümkün olmayıb. Ailəsinə maliyyə yardımı da daxil olmaqla dəstək göstəriləcək”.
Bəyanatda əlavə edilib ki, yanğının söndürülməsi üçün ərazidə işlər davam edir və mütəxəssislər qalan sənaye qazlarının nəzarətli şəkildə yandırılmasını həyata keçirirlər.
Rusiyanın “Sibur” şirkəti və Çinin neft-qaz şirkəti “Sinopec”in birgə layihəsi olan kompleksin plastik istehsalında istifadə olunan polietilen və polipropilen istehsalı üzrə dünyanın ən böyük müəssisələrindən biri olduğu qeyd olunub. Bildirilib ki, müəssisə hələ istehsala başlamayıb.









