Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmi dron hücumundan sonra batıb
Qara dənizdə, Rumıniyanın Konstansa limanından 20 kilometr məsafədə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi ehtimal edilən hücumdan sonra batıb.
Xəbər Experti xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində bir dənizçi həlak olub, üç nəfər itkin düşüb.
Gəminin 13 nəfərlik heyətinin 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır. Rumıniyalı xilasedicilər heyətin 9 üzvünü xilas ediblər. Onların arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı barədə məlumat verilmir.
Gəminin pilotsuz uçuş aparatı ilə vurulduğu ehtimal edilir. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Gəmi Komor adalarının bayrağı altında üzüb. Onun sabah Rumıniyanın Sulina limanına çatması gözlənilirdi.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri bildiriblər ki, hazırda Qara dənizdə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
Məlumata görə, SOS siqnalı alındıqdan sonra Rumıniyanın Dənizdə Xilasetmə Agentliyinəvə Daxili İşlər Nazirliyinə məxsus gəmilər dənizçilərin təxliyəsi və xilas edilməsi üçün əməliyyata cəlb olunublar.
Rumıniya Dəniz Administrasiyasından bildirilib ki, əlverişsiz hava şəraiti və zəif görünmə səbəbindən helikopterlərdən istifadə etməklə havadan xilasetmə əməliyyatı həyata keçirmək mümkün deyil:
“Hazırda xilasetmə gəmiləri doqquz nəfəri sağ vəziyyətdə sudan çıxarıb, bir nəfərin isə meyiti tapılıb”.










