Günay Əfəndiyeva Qırğızıstanın Qazaxıstandakı səfiri ilə görüşüb
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Qazaxıstanın paytaxtı Astana şəhərinə səfəri çərçivəsində Qırğız Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kudayberqen Bazarbaev ilə görüşüb.
Xəbər Experti xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluq ifadə olunub, türk ölkələrini birləşdirən ortaq soy-kök, zəngin tarixi-mədəni irs, dil və mənəvi dəyərlərə diqqət çəkilib.
Qeyd olunub ki, Azərbaycan-Qırğızıstan münasibətləri son illər yüksək dinamika ilə inkişaf edir.
Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov arasında formalaşmış qardaşlıq münasibətlərinin, qarşılıqlı dövlət səfərlərinin, müntəzəm təmasların mühüm əhəmiyyət daşıdığı bildirilib.
Günay Əfəndiyeva ötən ay Azərbaycan Prezidentinin Qırğızıstana səfərinin ikitərəfli əməkdaşlığın gündəliyinin daha da zənginləşdirilməsi və yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib önəmini vurğulayıb.
Səfir Kudayberqen Bazarbaev Azərbaycan ilə Qırğızıstanın getdikcə güclənən siyasi dialoqunun birgə əməkdaşlıq üçün geniş perspektivlər açdığını diqqətə çatdırıb.
Görüşdə mədəni-humanitar əlaqələrin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynadığı bildirilib.
Görüş Azərbaycan-Qırğızıstan ikitərəfli əlaqələrinin inkişafı , Türk Dünyasının ortaq gələcəyi istiqamətində atılan addımlar, və birgə əməkdaşlığın perspektivlərinə dair müzakirələrlə davam edib.










