#Dünya

Kreml: “Putin və Trampın mümkün görüşündə strateji sabitlik mütləq müzakirə edilməlidir” 

“Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın növbəti görüşündə strateji sabitlik və nüvə tərksilahı məsələləri mütləq müzakirə olunmalıdır”. 

Xəbər Experti xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva bu mövzuda danışıqların uzun çəkəcəyini və Avropa ölkələrinin nüvə potensiallarının da nəzərə alınmalı olduğunu hesab edir.

 “Biz düşünürük ki, bu, zəruridir. Bu barədə amerikalılarla məhz biz danışmalıyıq”, – Peskov bildirib.

O xatırladıb ki, Rusiya strateji sabitlik və nüvə tərksilahı məsələləri üzrə ABŞ ilə dialoqun təcili bərpasının zəruriliyini müxtəlif səviyyələrdə dəfələrlə təsdiqləyib: 

“Hazırda bu sahədə, faktiki olaraq, müqavilə-hüquq bazamız yoxdur. Dünya uzun müddətdən sonra ilk dəfə belə bir müqavilə-hüquq bazası olmadan qalıb. Bu, son dərəcə təhlükəlidir və danışıqlara əvvəlcədən başlamaq lazımdır”.

Kremlin nümayəndəsi məsələnin təxirəsalınmazlığını danışıqların mürəkkəbliyi ilə izah edib. 

Peskov, həmçinin Putinin strateji sabitlik üzrə danışıqlarda Avropa ölkələrinin, ilk növbədə Böyük Britaniya və Fransanın nüvə potensiallarını nəzərə almadan irəliləməyin mümkün olmadığı barədə fikirlərini xatırladıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin iştirakı ilə nüvə silahlarından azad olunma məsələsində üçtərəfli danışıqların keçirilməsinin tərəfdarı olduğunu bildirib. Tramp dəfələrlə nüvə tərksilahı üzrə danışıqların ABŞ, Rusiya və Çin arasında üçtərəfli formatda aparılmalı olduğunu vurğulayıb.

Pekində isə bu təşəbbüslə razılaşmayıblar. Belə ki, oktyabrın 16-da Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun Pekinin nüvə tərksilahı danışıqlarına qoşulması ilə bağlı tələbini ədalətsiz, əsassız və qeyri-mümkün” adlandırıb.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir