“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxıda təşkil olunan “Yay Fest 2026” gənclər festivalı başa çatıb.
Bu barədə Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivallarından biri olan “Yay Fest 2026”nın builki konseptual mövzusu süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalara həsr olunub. Festivalın əsas məqsədi gənclərin müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni texnologiyalar və innovasiya ekosistemi barədə məlumatlılığının artırılması, yaradıcı düşüncə tərzinin formalaşdırılması, həmçinin onların şəbəkələşməsinə şərait yaradılması olub.
Festival çərçivəsində 8 tematik düşərgə təşkil olunub. “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI: İdman və Sağlamlıq” düşərgələrində ümumilikdə 2 mindən çox gənc iştirak edib.
Beş gün davam edən düşərgələrdə maarifləndirici və praktiki fəaliyyətlər təşkil olunub. Gənclər dövlət rəsmiləri ilə görüşlərdə, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə panel müzakirələrdə, texnologiya sahəsinin mütəxəssisləri ilə vörkşoplarda və yaradıcı master-klaslarda iştirak ediblər.
İştirakçılar müxtəlif mövzularda yeni biliklər əldə etməklə yanaşı, komanda şəklində çalışaraq onları praktiki fəaliyyətlərdə sınayıblar. Müxtəlif sahələr üzrə mütəxəssislərlə görüşlər gənclərə şəxsi və peşəkar inkişaf, karyera imkanları və gələcəyin çağırışları barədə yeni baxışlar qazandırıb. Festival çərçivəsində intellektual oyunlar, idman yarışları, haykinq, komanda quruculuğu fəaliyyətləri, ekskursiyalar, musiqili proqramlar, DJ proqramları, ocaq ətrafında görüşlər və müxtəlif yaradıcı fəaliyyətlər də təşkil olunub.
Qeyd edək ki, artıq ənənə halını alan “Yay Fest” gənclərin liderlik potensialının inkişafına, ictimai iştirakçılığının və müasir bacarıqlarının formalaşdırılmasına, həmçinin onların yeni ideya və layihələr ətrafında bir araya gəlməsinə xidmət edən layihələrdəndir. “Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.








