#Dünya

Üç ölkə Məkkə sazişi çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. 

Xəbər Experti xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlarda Məkkə Müdafiə Sazişi çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. 

XİN başçısı Səudiyyə Ərəbistanından olan həmkarı şahzadə Feysəl bin Fərhanla regional və beynəlxalq hadisələri, həmçinin çoxtərəfli platformalarda qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Onlar, həmçinin Məkkə Müdafiə Alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin İstanbulda keçirilmiş ilk iclasında əldə olunan razılaşmaların icrası ilə bağlı növbəti addımları müzakirə edib və sıx təmasları davam etdirmək barədə razılığa gəliblər.

İshaq Dar və Türkiyənin xarici işlər naziri Hakan Fidan isə telefon danışığı zamanı müdafiə alyansı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi yollarını, eləcə də qarşılıqlı maraq doğuran məsələləri və beynəlxalq platformalarda koordinasiyanı müzakirə ediblər.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 31-də saziş çərçivəsində üç ölkənin fəaliyyətini əlaqələndirmək üçün katiblik yaratmaq barədə razılığa gəliblər. Bu quruma ilkin olaraq üç il müddətinə pakistanlı baş katib rəhbərlik edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif qarşılıqlı müdafiə sazişini avqustun 7-də Məkkədə imzalayıblar. Saziş üç ölkədən hər hansı birinə hücum ediləcəyi təqdirdə kollektiv çəkindirmə imkanlarının gücləndirilməsinə yönəlib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir