Taylandda daşqınlar nəticəsində 8 nəfər həlak olub
Taylandda şiddətli yağışların yaratdığı daşqınlar nəticəsində son 10 gündə 8 nəfər ölüb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tayland Fəlakətlərin Qarşısının Alınması və Təsirlərinin Azaldılması Departamenti məlumat yayıb.
Bildirilib ki, ölkə daxilində 25 əyalətdə şiddətli yağışlardan 545 mindən çox insan zərər çəkib.
50 rayonun fəlakət bölgəsi elan edildiyi Banqkokda təxminən 52 min ev təsərrüfatı daşqınlardan zərər çəkib. Eləcə də 5 min insan sığınacaqlara təxliyə edilib.
Taylandın Baş naziri və daxili işlər naziri Anutin Çarnvirakul dünən Banqkokdakı bəzi güclü daşqın fəlakət bölgələrini ziyarət edib. O, mətbuata açıqlamasında hökumətin daşqınlardan zərər çəkmiş vətəndaşlara bütün imkanları ilə kömək etməyə çalışdığını bildirib. Lakin o bildirib ki, prioritet həyatı təhlükədə olanlardır.










