#Elm və Təhsil

Təhsil sahəsində əməkdaşlıq: Azərbaycan-Özbəkistan tərəfdaşlığında mühüm istiqamət

Azərbaycan və Özbəkistan arasında tarixən mövcud olan qardaşlıq və dostluq münasibətləri son illərdə elm və təhsil sahəsində də yeni məzmun qazanaraq daha sistemli əməkdaşlığa çevrilir. İki ölkə arasında ali təhsil, elm, peşə təhsili, innovasiya və akademik mübadilə istiqamətlərində həyata keçirilən təşəbbüslər əlaqələrin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında təhsil və elm əməkdaşlığı artıq yalnız qarşılıqlı səfərlər və ayrı-ayrı anlaşmalarla məhdudlaşmır. Əlaqələr birgə elmi layihələr, akademik mobillik, ikili diplom proqramları, innovasiya, STEAM təhsili və yeni nəsil mütəxəssislərin hazırlanması kimi daha geniş istiqamətləri əhatə edir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi iki ölkənin elmi potensialının birləşdirilməsi, gənc tədqiqatçıların dəstəklənməsi, müasir texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi və təhsil sistemlərində qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm nəticələr verə bilər. 

Prezident İlham Əliyev bildirib ki, təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. Dövlət başçısı qeyd edib ki, 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.

Prezident vurğulayıb ki, Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür: “Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, UNEC Özbəkistanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı çoxşaxəli və dinamik inkişaf edən tərəfdaşlıq modelinə çevrilib. Son illərdə formalaşan əlaqələr ikili diplom proqramlarından akademik mobilliyə, müəllimlərin peşəkar inkişafından birgə elmi-tədqiqat layihələrinə, süni intellekt və rəqəmsallaşmadan yaşıl iqtisadiyyat və dayanıqlı inkişafa qədər geniş istiqamətləri əhatə edir. Bu əməkdaşlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəfdaşlıq yalnız ali təhsil müəssisələri səviyyəsində deyil, eyni zamanda elmi-tədqiqat mərkəzləri, akademik icmalar və müxtəlif peşəkar platformalar arasında da inkişaf etdirilir. Nəticədə Azərbaycan və Özbəkistan arasında ali təhsil və elm sahəsində qarşılıqlı təcrübə mübadiləsini, birgə tədqiqatları və insan kapitalının inkişafını birləşdirən vahid əməkdaşlıq ekosistemi formalaşır: “UNEC-in Özbəkistan universitetləri ilə əməkdaşlığında ikili diplom proqramları xüsusi yer tutur. Daşkənd Dövlət İqtisad Universiteti (DDİU) ilə MBA proqramı üzrə ikili diplom proqramı 2025-ci ildən həyata keçirilir. Maliyyə və biznes analitikası istiqamətlərini əhatə edən əməkdaşlıq çərçivəsində tədris planlarının uyğunlaşdırılması, tələbə və müəllim mobilliyinin artırılması və yeni ixtisaslaşmaların əlavə edilməsi imkanları müzakirə edilir. 2025-ci ilin dekabrında keçirilən işgüzar görüşdə proqramın inkişaf perspektivləri və təhsil məzmununun təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub. UNEC-in Özbəkistan Milli Universiteti ilə imzaladığı əməkdaşlıq memorandumunda da ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Daşkənd Tekstil və Yüngül Sənaye Universiteti ilə “Dizayn” ixtisası üzrə ikili diplom proqramının yaradılması istiqamətində iş aparılır.

Növbəti mərhələdə DDİU ilə bakalavr səviyyəsində yeni ikili diplom proqramının yaradılması, ixtisasların müəyyənləşdirilməsi və tədris planlarının uyğunlaşdırılması planlaşdırılır. Özbəkistan Milli Universiteti, Daşkənd Dövlət Texniki Universiteti və digər tərəfdaşlarla da yeni ikili diplom imkanlarının yaradılması müzakirə olunur. UNEC-Özbəkistan əməkdaşlığında ikili diplom modeli yalnız təhsil proqramlarının birləşdirilməsi deyil, eyni zamanda tələbələrin iki ölkənin akademik mühitindən yararlanmasına, beynəlxalq təcrübə qazanmasına və əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə etməsinə xidmət edən mexanizm kimi formalaşır. UNEC və Özbəkistan universitetləri arasında akademik mobillik qarşılıqlı səfərlər, qısamüddətli təlimlər, mühazirələr, yay və qış məktəbləri, eləcə də gələcək semestrlik mübadilə proqramlarının yaradılması istiqamətində inkişaf etdirilir. TÜRKÜNİB-in ORHUN Mübadilə Proqramı çərçivəsində Özbəkistan universitetlərindən iki professor-müəllim heyətinin mübadilə proqramında iştirakı da bu əməkdaşlığın Türk dünyasının ali təhsil məkanına inteqrasiya baxımından əhəmiyyətini artırır. 2026-cı ilin martında Əndican Dövlət Texniki İnstitutunun 4 professor-müəllimi UNEC-də akademik səfərdə olub, tələbələr üçün mühazirələr keçirib və birgə layihələr, tələbə mübadiləsi və ortaq elmi-tədqiqat fəaliyyəti üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib. UNEC tələbələrinin Daşkənd Dövlət İqtisad Universitetinin beynəlxalq Yay və Qış Məktəbinə müraciəti üçün imkan yaradılması, eləcə də DDİU ilə tələbə və müəllim mobilliyinin artırılması üzrə aparılan danışıqlar qarşıdakı dövrdə bu istiqamətdə əməkdaşlığı daha da genişləndirəcək. UNEC Özbəkistanda keçirilən təhsil və peşə sərgilərində də uğurlar təmsil olunur. Bu sərgilər universitetin təhsil imkanlarının, beynəlxalq proqramlarının və akademik üstünlüklərinin Özbəkistan ictimaiyyətinə təqdim edilməsi, eləcə də potensial tələbə və tərəfdaşlarla birbaşa əlaqələrin qurulması baxımından mühüm platforma rolunu oynayır. Eyni zamanda, sərgilərdə iştirak UNEC-in Özbəkistanın təhsil mühitində tanıdılmasına və iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasında mühüm rol oynayır”.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, Azərbaycan və Özbəkistanın ortaq tarixi-mədəni bağları bu proses üçün möhkəm mənəvi baza yaradır. Elm və təhsil sahəsində qurulan yeni tərəfdaşlıq isə həmin əlaqələrin gələcək nəsillərə ötürülməsinə və daha müasir, innovativ məzmun qazanmasına xidmət edir: “Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə, o cümlədən elm və təhsil istiqamətində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin təhsil sisteminin inkişafına və insan kapitalının formalaşmasına mühüm töhfə verir. Tələbə mübadiləsi, tədris proqramları və qabaqcıl təcrübənin paylaşılması, ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin inkişafı iki ölkənin vətəndaşları üçün yeni akademik imkanlar yaradır. Azərbaycanlı tələbələrin Özbəkistanın ali təhsil müəssisələrində, özbək tələbələrin isə Azərbaycan universitetlərində təhsil alması qarşılıqlı təcrübə mübadiləsini gücləndirməklə yanaşı, iki ölkənin təhsil sistemlərinin bir-birini daha yaxından tanımasına imkan verir”.

Təhsil eksperti qeyd edib ki, Azərbaycan və Özbəkistan türk dövlətləri olaraq bir-birinə yaxın dil və mədəni xüsusiyyətlərə malikdir. Bu yaxınlıq təhsil sahəsində əməkdaşlıq üçün də mühüm üstünlükdür. Tələbələrin digər ölkədə təhsil alarkən dil və mədəni baryerlərlə daha az qarşılaşması onların akademik mühitə uyğunlaşmasını asanlaşdıra bilər. Eyni zamanda, Azərbaycan və özbək dillərinin qarşılıqlı öyrənilməsi iki ölkənin gəncləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir: “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş də bu istiqamətdə mühüm imkanlar yaradır. Sazişdə universitetlər arasında birbaşa əlaqələrin qurulması, tələbə və təhsilverənlərin mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, innovasiya layihələrinin reallaşdırılması və təhsil sahəsində təcrübə mübadiləsi nəzərdə tutulur. Xüsusilə 2026-2027-ci tədris ilindən başlayaraq hər il bakalavriat, magistratura və doktorantura səviyyələrində qarşılıqlı əsasda 10 kvotanın ayrılması tələbə mübadiləsinin daha sistemli xarakter almasına imkan verəcək. Burada əsas məsələ yalnız tələbələrin bir ölkədən digərinə getməsi deyil. Bu proses eyni zamanda onların müxtəlif təhsil modelləri, elmi yanaşmalar və akademik mühitlərlə tanış olmasına şərait yaradır. Azərbaycanlı tələbə Özbəkistanda, özbək tələbə Azərbaycanda təhsil alarkən yalnız bilik qazanmır, həm də digər ölkənin mədəniyyətini, cəmiyyətini və dünyagörüşünü daha yaxından tanıyır. Bu isə gələcəkdə iki ölkə arasında əlaqələrin daha möhkəm sosial bazasının formalaşmasına kömək edir”.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir