#Dünya

Sudanda qızıl mədənlərinə raket zərbələri endirilib – 72 nəfər ölüb

Sudanın Qırmızı dəniz əyalətindəki qızıl mədənlərinə hava zərbələri endirilib. 

Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, hava hücumunda 72 mədənçi ölüb.

Sığınacaqları dağıdan və bəzi mədən şaxtalarının çökməsinə səbəb olan hücum nəticəsində ölənlərin sayının daha çox olacağı gözlənilir.

Sudan insan haqları təşkilatı “Emergency Lawyers”in verdiyi açıqlamada bildirilir ki, Sudanın şimal-şərqindəki Qırmızı dəniz əyalətinin Şimal əl-Vadi bölgəsindəki qızıl mədən sahələri hava hücumlarına məruz qalıb. Bəyanatda hücumda 72 mədənçinin öldüyü və çox sayda insanın yaralandığı bildirilir.

Sudan mətbuatında yer alan xəbərlərə görə, döyüş təyyarələri mədənçilərin yerləşdiyi əraziyə beşdən çox raket atıb.

Hücum nəticəsində işçilərin sığınacaqları dağıdılıb və bəzi mədən şaxtalarının çökməsi nəticəsində mədənçilər torpağın altında qalıb.

Yaralılar Əl-Ənsari bölgəsindəki, Qırmızı dəniz əyalətindəki Haya və Port Sudandakı, eləcə də Nil çayı əyalətindəki Atbaradakı tibb mərkəzlərinə aparılıblar.

Hücumu kimin həyata keçirdiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir