“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” – Mirziyoyev
“Siyasi iradənin nəticəsində Özbəkistan dünyaya daha açıq ölkəyə çevrilib, sərhəd məsələləri həll olunub, qonşu ölkələrlə dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənib”.
Xəbər Experti xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.
O deyib ki, valyuta, vergi, gömrük və investisiya siyasətində köklü dəyişikliklər həyata keçirilib. Nəticədə ölkənin İqtisadi Azadlıq İndeksində mövqeyi 80 pillə yaxşılaşıb və Özbəkistan orta dərəcədə azad iqtisadiyyata malik ölkələr sırasına daxil olub.
“Əgər əvvəllər ölkə iqtisadiyyatına hər il 2–3 milyard dollar xarici investisiya cəlb olunurdusa, hazırda bu göstərici 40–50 milyard dollar təşkil edir. İnvestisiyalarla yanaşı, ölkəyə qabaqcıl texnologiyalar, müasir biliklər və yeni iqtisadi imkanlar da gəlir.
Üç il əvvəl Özbəkistanın ÜDM həcminin 2030-cu ilədək 160 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub. Qlobal logistika sahəsindəki fasilələrə və dünyadakı qeyri-sabit vəziyyətə baxmayaraq, bu göstərici artıq cari ildə planlaşdırılan həddi aşacaq və Özbəkistan gəlirləri orta səviyyədən yüksək olan ölkələr sırasına daxil olacaq”, – Prezident deyib.
Əlavə edib ki, belə yüksək nəticələrə xalqın fədakar əməyi, onun intellektual potensialı, eləcə də millətlə dövlətin birliyi sayəsində nail oluruq: “Hər bir insan və hər bir ailə həyatında baş verən müsbət dəyişiklikləri getdikcə daha dərindən hiss edir”.









