“Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq” – Hulusi Kılıç
“Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında əməkdaşlıq Azərbaycanın və Türkiyənin təhsil sahəsində əlaqələrinin dərinləşdirilməsi yolunda növbəti mühüm addım olacaq”.
Xəbər Experti xəbər verir ki, bu fikri “Azərtac”a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
H.Kılıç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İTÜ-nün akademik bölmələrinin Qarabağ Universitetinin bazasında açılması barədə qərarını yüksək qiymətləndirib. Sənədin mətni avqustun sonunda Türkiyə hökumətinin rəsmi “Resmi Gazete” qəzetində dərc olunub.
Müsahibimiz vurğulayıb ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsi siyasəti ölkələrin elm-təhsil sahəsində də yaxınlaşmasını stimullaşdırır.
Sabiq səfir bu ilin yanvarında Ankarada İTÜ ilə Qarabağ Universiteti arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını xatırladıb. Onun sözlərinə görə, bu sənəd gələcək əməkdaşlıq üçün hüquqi əsas yaradıb.
“Türkiyənin aparıcı texniki ali məktəblərindən biri ilə əməkdaşlıq Qarabağ Universitetinin inkişafına təkan verəcək, qardaş ölkələrin elmi-texniki əməkdaşlığında yeni tarixi mərhələyə açılan pəncərə olacaq və Azərbaycanın daha çox sayda ixtisaslı kadrla təmin olunmasına imkan yaradacaq”, – deyə o əminliklə bildirib.
İMZA İctimai Birliyinin nümayəndəsi qeyd edib ki, hər iki ali məktəb artıq bu tədris ilindən başlayaraq bakalavriat, magistratura və doktorantura səviyyələrində sıx əməkdaşlıq edəcək. Tələbə və müəllim mübadiləsi, birgə elmi layihələr, laboratoriya tədqiqatları və ikili diplom proqramının tətbiqi planlaşdırılır.
“Qarabağ Universitetində mühəndislik, maşınqayırma, mülki tikinti, elektrotexnika və elektronika sahələri üzrə ixtisaslaşan fakültələrin yaradılması planlaşdırılır”, – deyə H.Kılıç davam edib. O, Qarabağ Universitetinin rektoru Şahin Bayramovla İTÜ-nün rəhbəri Həsən Mandal arasında şəxsi dialoqu alqışlayıb.
“1773-cü ildə əsası qoyulmuş və dünyanın aparıcı universitetlərindən biri hesab edilən İstanbul Texniki Universitetinin bilik və geniş təcrübəsi dinamik inkişaf edən Qarabağ Universiteti üçün dayaq olacaq. Əminəm ki, rektor Ş.Bayramovun səyləri yaxın gələcəkdə Qarabağ Universitetinin dünyanın ən yaxşı universitetləri arasında yer tutmasını təmin edəcək”, – deyə o əlavə edib.
Sabiq səfir Qarabağ Universitetinə marağın durmadan artdığını qeyd edib: “Bu il Qarabağ Universitetinə qəbul olunan abituriyentlərin bir çoxunun yüksək nəticələr göstərməsi universitetə və onun təhsil standartlarına olan maraq və etimadı aydın şəkildə nümayiş etdirir”.
Sonda H.Kılıç Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevə və Türkiyə Ali Təhsil Şurasının rəhbəri Erol Özvara universitetlər səviyyəsində ikitərəfli əlaqələrin inkişafına təkan verdikləri üçün təşəkkür edib.








