Pavel Durov axtarışa verildi
Teleqramın təsisçisi və baş direktoru Pavel Durov “terror fəaliyyətinə kömək etmək”də ittiham olunur və ona qarşı beynəlxalq həbs orderi verilib.
Xəbər Experti xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
FSB-nin bəyanatında teleqram rəhbərliyinin Rusiyada terror və təxribat fəaliyyətlərini əlaqələndirmək üçün istifadə edilən kanalları və botları silmədiyi vurğulanıb.
Bəyanatda Durova qarşı terror fəaliyyətinə kömək etmək ittihamı ilə istintaqın aparıldığı və beynəlxalq həbs orderinin verildiyi bildirilib.
Bəyanatda Ukrayna kəşfiyyat xidmətlərinin və terrorçu və ekstremist təşkilatların Rusiyada təxribat və terror hücumları, kütləvi qətllər və kiberfırıldaqçılıq fəaliyyətlərini hazırlamaq və əlaqələndirmək üçün teleqramda çoxsaylı kanallardan, söhbət qruplarından və botlardan istifadə etdiyi qeyd olunur.
Qeyd edək ki, Rusiyada əvvəllər teleqrama giriş bloklanmışdı və şirkət ümumilikdə 100 milyon rubldan çox cərimə olunmuşdu.
Kremlin sözçüsü Dmitri Peskov da 27 iyulda teleqramın tam fəaliyyətə qayıtması ilə bağlı əlaqələrin davam etdiyini, lakin şirkət nümayəndələrinin bu prosesdə kifayət qədər aktiv olmadığını bildirmişdi.










