#Ölkə

Millimizin baş məşqçisi: “Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”

Sabah Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 1-ci turunda səfərdə Litva ilə qarşılaşacaq.

Xəbər Experti xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

“Litva ilə matça yaxşı hazırlaşmışıq. Rəqib kifayət qədər ciddi rəqibdir. Səfərdə oynamağımıza baxmayaraq, meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”.

A.Abbasov rəqibin yaxşı təşkilatlanmış və uzun müddətdir birlikdə oynayan futbolçulardan formalaşmış komanda olduğunu deyib:

“Litva ilk matçında səfərdə Lixtenşteyni məğlub edib. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edir. 

Amma futbolçulara lazımi tapşırıqlar verilib. Düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanacağımıza inanıram”.

Baş məşqçi oyunun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

“Sabah Anım Günüdür. Bu gün burada olmağımızın səbəbkarları olan şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsində iştirak edən hər kəsə borcluyuq. 

Bu barədə futbolçularla danışığımız olub. Sabah yenə də söhbət edəcəyik”.

Xaybullayevin durumuna da aydınlıq gətirən Abbasov onun ciddi probleminin olmadığını bildirib:

“Xaybullayevdə problem yoxdur. Yorğunluğu da var idi. Fikirləşdiyimiz heyətlə plan üzrə məşq edirik”.

Xatırladaq ki, Litva – Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir