Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
Sentyabrın 11-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Xəbər Experti AZƏRTAC-a istinadən xəbər verir ki, iclası açan komitə sədri Anar İsgəndərov gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
Komitə sədri, ilk növbədə, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Elm və təhsil komitəsinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra Anar İsgəndərov gündəliyin ikinci məsələsi –komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib.
Bildirilib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinə baxılacaq. Bununla yanaşı, komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə ictimai dinləmələrin və geniş müzakirələrin təşkili nəzərdə tutulur.
İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.










