Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtı yenidən tənzimlənir
Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtı yenidən tənzimlənir.
Xəbər Experti xəbər verir ki, bununla əlaqədar Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna yeni maddələrin əlavəsi təklif edilir.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsində vurğulanıb ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilmişdir. Məcəllənin 95-97-ci maddələrinə görə cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz. Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub.
Bildirilib ki, Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir və eyni qayda Azərbaycanda da tətbiq olunacaq.










