“İsraillilər və əmirliklilər terror qarşısında birgə dayandılar” – İsrail XİN
“İsrail Dövləti Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsində baş verən insidenti israilliləri, BƏƏ-ni və İbrahim razılaşmalarını hədəf alan terror aktına cəhd kimi qiymətləndirir”.
Xəbər Experti xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, terror İsrail ilə BƏƏ arasındakı əlaqələri və regionda əldə olunan irəliləyişi poza bilməyəcək.
“İsrailin əldə etdiyi ilkin məlumata görə, pilotun niyyəti təyyarəni sərnişinlərlə birlikdə qəzaya uğratmaq olub. İsrailli sərnişinlər hadisə zamanı misilsiz cəsarət nümayiş etdiriblər. Baş verənləri anlayan sərnişinlər kabinəyə daxil olaraq pilotla üz-üzə gəlib, onu zərərsizləşdirib və təyyarənin idarəetməsinin reysdə olan ehtiyat heyətə qaytarılmasına kömək ediblər. Onların operativ müdaxiləsi mümkün faciənin qarşısını alıb və təyyarədə olan bütün insanların həyatını xilas edib. BƏƏ vətəndaşı olan ikinci pilot və digər ekipaj üzvləri də insident zamanı böyük cəsarət və peşəkarlıq nümayiş etdiriblər”, – bəyanatdaa deyilir.
Qeyd olunub ki, bu, yalnız israilli sərnişinlərə qarşı törədilməsi ehtimal olunan hücum deyil, həm də İsrail ilə BƏƏ arasındakı münasibətlərə və İbrahim razılaşmalarının təcəssüm etdirdiyi vizyona qarşı hücum idi:
“İsrailli sərnişinlərin və BƏƏ vətəndaşı olan ekipaj üzvlərinin hərəkətləri terrorçuların nail olmaq istədiklərinin tam əksini nümayiş etdirir: israillilər və Əmirliklilər terror qarşısında birlikdə dayandılar. Sülhü və normallaşmanı pozmağa çalışan qüvvələr regionumuzun gələcəyini müəyyən etməyəcək. İsrail BƏƏ ilə münasibətlərinə böyük dəyər verir və iki ölkə və xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə sadiqdir”.










