#Ölkə

İctimai nəqliyyatda yeni ödəniş sistemi

SƏRNİŞİN DAŞIYICILARINA QƏT OLUNAN MƏSAFƏYƏ VƏ XİDMƏTİN KEYFİYYƏTİNƏ GÖRƏ ÖDƏNİŞLƏR EDİLƏCƏK

Məlum olduğu kimi, bir müddət əvvəl 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq. Yeni “brutto müqavilə” modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişənlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunacaq.

Bu model sərnişinlər üçün daha müntəzəm, etibarlı və proqnozlaşdırılan ictimai nəqliyyat xidməti formalaşdırmağa imkan verəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı azrentabelli marşrutlarda da xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranacaq.

Dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə və keyfiyyətli xidmət göstərilməsi məqsədilə “brutto müqavilə” modelindən geniş istifadə olunur. Avropada avtobuslar “Bruto müqavilə” ilə işləyir. Daşıyıcı kilometr hesabı dövlətdən pulunu alır və o, axşam saat 12-ə qədər də xidmət göstərməyə həvəsli olur.

Artıq ölkəmizdə bu mütərəqqi modelin uğurlu tətbiqinə başlanılıb. Yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır. Müəyyən edilmiş keyfiyyət tələblərinin pozulması halında müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Yaradılmış xüsusi proqram təminatı vasitəsi ilə daşıyıcıların göstərdikləri xidmətin keyfiyyətinin ölçülməsi və xidmətin təşkilinə nəzarət təmin ediləcək.

“Brutto müqavilə” modeli, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verəcək.

Avtobus boş getdi, ya dolu – bunun heç bir fərqi yoxdur

Nəqliyyat eksperti Ərşad Hüseynovun dediyinə görə, ictimai nəqliyyatdan istifadənin yaxşılaşdırılması, əlçatanlığın artırılması üçün müxtəlif tədbirlər görülür. Bu əlçatanlığın təmin olunmasının variantlarından biri də odur ki, ictimai nəqliyyat çox baha olmamalı, dayanıqlı olmalıdır və stabil maliyyə mənbəyi olmalıdır. Stabil maliyyə mənbəyi gediş haqqı hesabına təmin edilə bilmir. Bütün dünyada qəbul olunub ki, sərnişinin ödədiyi gediş haqqı hesabına ictimai nəqliyyatı dayanıqlı etmək mümkün deyil. Mütləq dövlət və ya bələdiyyənin maddi dəstəyi olmalıdır: “Maddi dəstəyin formatı da təqdim edilən yeni konsepsiyadır. Konsepsiya “Brutto müqavilə” adlanır. “Brutto müqavilə” odur ki, görülən işə görə ödəniş alınır. “Brutto müqavilə” odur ki, avtobus bir reys edir. Reysin də iqtisadi cəhətdən hesablanmış qiyməti var. Avtobus boş getdi və ya dolu, bunun heç bir fərqi yoxdur. Sürücü həmin reysin qiymətini alır. Belə olan halda daşıyıcı gediş haqqından asılı olmur, gediş haqqı uğrunda mübarizə aparılmır, həmçinin “avtobus dolsun sürərəm” kimi problemlər olmur. Nəticədə normal, komfortlu ictimai nəqliyyat olur. Dövlət dəstəyinin ən gözəl formatı budur, ümid edirəm ki, bu qayda uğurla icra olunacaq”.

Keyfiyyətli xidmət göstərilməsi məqsədilə “brutto müqaviləsi” modelindən geniş istifadə olunur

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda dünyanın bir çox ölkəsində sərnişinlərə yüksək səviyyədə və keyfiyyətli xidmət göstərilməsi məqsədilə “brutto müqaviləsi” modelindən geniş istifadə olunur. Nədir “Brutto müqavilə”? Dünyanın bir sıra ölkələrində ictimai nəqliyyatın daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modeli – “Publik xidmət müqavilələri (Brutto müqavilə)” modelidir. Bu model hər kilometrə görə təyin edilən ödəniş sistemidir. Bu model tətbiq edilirsə, ictimai nəqliyyatda planlı yığım (sürücünün plana işləməsi, plan verməyə çalışması, daşıyıcı şirkətlərin daha çox sərnişin, daha çox plan, qazanc əsasında çalışması) aradan qalxır. “Brutto müqavilə” standartı tətbiq edilirsə, dövlət hər kilometrə görə daşıyıcı şirkətlərə subsidiya ayırır, bununla da daşıyıcı şirkətlərin maliyyə dayanıqlığı təmin olunur, daha sonra da müxtəlif növ bilet paketləri formalaşdırılır. Günlük, aylıq, illik paketlər, gediş kartları. Həmçinin bir nəqliyyat növündən digərinə pulsuz keçidlər təmin edilir. Bu da ictimai nəqliyyatı daha cəlbedici edə bilər. “Brutto müqaviləsi” sisteminin əsas üstünlüklərində biri də ondan ibarətdir ki, sərnişin az olan axşam saatlarında və ya az istifadə edilən marşrutlarda belə avtobusların marşrut üzrə hərəkəti davam edir. Bu zaman qrafikə və qaydalara ciddi nəzarət olunur, avtobusların sayı, hərəkət intervalı və keyfiyyət meyarları əvvəlcədən dəqiq müəyyənləşdirilir, sürücülər planlı və nizamlı işləməyə stimullaşdırılır. Beləliklə, sərnişin azlığından asılı olmayaraq günün istənilən saatında fasiləsiz nəqliyyat xidməti təmin olunur: “Brutto müqavilə” modelinin daha bir üstünlüyü sosial əhəmiyyətli, lakin kommersiya baxımından zəif olan marşrutların qorunmasına imkan verməsidir. Əgər müəyyən əraziyə sərnişin axını azdırsa, sırf kommersiya maraqları baxımından həmin istiqamətdə xidmətin azaldılması və ya dayandırılması riski yarana bilər. Yeni modeldə isə dövlət müəyyən xidmət standartını maliyyələşdirdiyindən belə marşrutların fəaliyyətinin davam etdirilməsi mümkündür. Bu, xüsusilə şəhərin kənar əraziləri və əhalinin ictimai nəqliyyatdan asılı olduğu istiqamətlər üçün mühüm sosial əhəmiyyət daşıyır”.

“Brutto müqavilə”nin tətbiqi qarşılıqlı fayda yaradır

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, sərnişindaşımada “brutto müqavilə”nin tətbiqi müsbət addımdır. Bu layihənin əsas məqsədi daşıyıcıları stimullaşdıraraq dəstək göstərməkdir. Daşıyıcı şirkət avtobus alır, qaraj quraraq sürücülər tapır. Bundan sonra müvafiq qurumla “Brutto müqavilə”si imzalayaraq hər kilometrə görə pul qarşılığında sərnişindaşıma xidməti göstərir. Bu zaman daşıyıcı şirkətlər daha yaxşı işləməyə cəhd edirlər. Onlar pullarını alıb keyfiyyətli xidmət göstərirlər. Bu müqavilə daşıyıcı şirkətlərin üzərinə keyfiyyətli sərnişindaşıma ilə bağlı öhdəlik qoyur: “Brutto müqavilə”nin tətbiqi həm dövlət, həm də daşıyıcılar üçün qarşılıqlı fayda yaradır. Dövlət üçün bu model sosial əhəmiyyətli nəqliyyat xidmətlərinin nəzarətdə saxlanılmasına, marşrut şəbəkəsinin optimallaşdırılmasına və xidmət keyfiyyətinin standartlaşdırılmasına imkan verir. Daşıyıcılar üçün isə maliyyə risklərinin azalması və uzunmüddətli planlaşdırma imkanlarının genişlənməsi mühüm üstünlük hesab olunur. Bu baxımdan, tətbiqin uğurla həyata keçirilməsi ictimai nəqliyyatın ümumi inkişafına töhfə verə bilər”.

Ekspertin sözlərinə görə, bəzi daşıyıcılar hələ də kart sisteminə keçməyiblər: “Bu da yeniliyin tətbiqinə müəyyən çətinliklər yaradır. Amma “Brutto müqavilə”nin sərnişindaşımada tətbiqindən sonra daşıyıcı şirkətlər də buna maraq göstərəcəklər. Bu zaman sərnişindaşımada xidmət keyfiyyəti daha da artacaq”.

Gözləntilərdə biri xidmət keyfiyyətinin maliyyə mexanizminə inteqrasiya olunmasıdır

“Brutto müqavilə”nin tətbiqindən mühüm gözləntilərin biri də xidmət keyfiyyətinin maliyyə mexanizminə inteqrasiya olunmasıdır. Əgər daşıyıcı, yalnız avtobusun xəttə buraxılmasına görə deyil, həm də müəyyən edilmiş xidmət keyfiyyətinə görə qiymətləndirilirsə, onda avtobusların texniki vəziyyəti, hərəkət qrafikinə riayət edilməsi, avtobuslararası intervalın qorunması, avtobus parkının yenilənməsi və sərnişinlərə xidmət səviyyəsi daha böyük əhəmiyyət qazanır. Bu isə o deməkdir, “brutto müqavilə” sadəcə yeni subsidiya mexanizmi deyil, həm də keyfiyyətə əsaslanan idarəetmə modeli kimi çıxış edir.

Yeni modelin uğuru yalnız müqavilə mexanizminin tətbiqindən deyil, nəzarət və ölçmə sisteminin effektivliyindən də asılı olacaq. Çünki “xidmət keyfiyyətinə görə ödəniş” prinsipinin işləməsi üçün keyfiyyət göstəriciləri dəqiq və ölçülə bilən olmalıdır. Avtobusun marşruta vaxtında çıxması, müəyyən edilmiş intervala riayət etməsi, reyslərin tam yerinə yetirilməsi, texniki və sanitariya vəziyyəti, sərnişinlərin təhlükəsizliyi və digər göstəricilər elektron monitorinq vasitələri ilə izləniləcəkdir. Əks halda, sistemin əsas məqsədi – dövlət vəsaitinin faktiki göstərilmiş və keyfiyyətli xidmətə uyğun ödənilməsi – tam reallaşmaya bilər. Bütün bunlar üçün isə rəqəmsallaşma olduqca vacibdir. GPS, elektron bilet sistemi, avtomatlaşdırılmış marşrut monitorinqi, sərnişin axınının təhlili və məlumat analitikası “brutto müqavilə” modelinin daha şəffaf və səmərəli fəaliyyətinə imkan verə bilər. Ona görə də yeni müqavilə modeli ictimai nəqliyyatın rəqəmsal transformasiyası ilə paralel inkişaf etdirildikdə daha uğurlu ola bilər.

İctimai nəqliyyatda yeni ödəniş sistemi

Modi Rusiyaya səfər edəcək

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir