“Farmaniya.com” məhkəməsində yeni dalğa: Zərərçəkənlər Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı xəbərinə etiraz edirlər
Onlayn piramida sxemi üzrə həyata keçirilən “Farmaniya.com” dələduzluğu işi üzrə zərər çəkmiş şəxslər ciddi narazılıq və təşviş içindədirlər. Narazılığa səbəb layihənin idarəetmə panelinin inzibatçısı (admini) Hüseyn Quliyevin cəzasının yüngülləşdirilərək vaxtından əvvəl həbsdən buraxılacağı ilə bağlı yayılan iddialardır.
Zərərçəkən vətəndaşların sözlərinə görə, onlar məhkəmədən təqsirləndirilən şəxsə verilən cəzanın daha da ağırlaşdırılmasını gözlədikləri bir məqamda, onun tam əksinə — tezliklə azadlığa çıxacağı barədə məlumatlar almağa başlayıblar. Yüzlərlə insanın maliyyə itkisinə məruz qaldığını bildirən şikayətçilər, belə bir Addımın ədalətsizlik olduğunu və narazılığı daha da dərinləşdirəcəyini vurğulayırlar.
Xatırladaq ki, bu ilin iyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə Hüseyn Quliyevə hökm oxunub. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması) maddəsi üzrə bəraətverici əsaslarla xitam qərarı çıxarıb.
Yekunda H. Quliyev təkrarlanan dələduzluq və qanunsuz onlayn qumar oyunlarının təşkili maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Lakin dövlət ittihamçısı məhkəmə prosesində onun üçün 10 il həbs cəzası tələb etmişdi.
İstintaq materiallarına əsasən, 2025-ci ilin sentyabrında böyük rezonans doğuran bu işdə 18 mindən çox şəxs “Farmaniya.com” platformasında qeydiyyatdan keçib. Şəbəkə tərəfindən vətəndaşlara “gəlirli investisiya” vədi verilərək ümumilikdə 400 min manatdan çox vəsait mənimsənilib.
Axtarışlar zamanı 2006-cı il təvəllüdlü H. Quliyevin özünü sosial şəbəkələrdə bloqer kimi təqdim etdiyi, toplanan vəsaitləri isə 22 yaşlı tanışı Badamxanım Əhmədovanın elektron cüzdanına yönəltdiyi bəlli olub. Araşdırmalar çərçivəsində təqsirləndirilən şəxslərin bank kartlarına 700 min manatdan çox vəsaitin daxil olduğu aşkarlanıb.
Qeyd edək ki, Hüseyn Quliyev sosial şəbəkələrdə “Zevs” ləqəbi ilə tanınan videobloqer Ruslan Quliyevin qardaşıdır. Zərərçəkənlər məhkəmə hökmünə yenidən baxılmasını və əməlin miqyasına uyğun ədalətli cəza verilməsini tələb edirlər.










