“Enerji Türkmənistanla əməkdaşlığımızın ən mühüm istiqamətlərindən biridir” – Nazir
“Azərbaycan Türkmənistanla iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir. Ölkələrimizin mövcud iqtisadi potensialı yeni perspektivlərin araşdırılması və əməkdaşlığın şaxələndirilməsi üçün zəmin yaradır”.
Xəbər Experti xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Birgə Hökumətlərarası Komissiya ikitərəfli münasibətlərdə mühüm platforma olaraq, əməkdaşlığımızın genişlənməsini stimullaşdırır. Komissiyanın iyul ayında Aşqabadda keçirilən 9-cu iclasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi barədə məhsuldar müzakirələr apardıq.
“Enerji əməkdaşlığımızın ən mühüm istiqamətlərindən biridir. Türkmənistan nefti Azərbaycan ərazisindən dünya bazarlarına nəql olunur. Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əhəmiyyətli potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır”, – nazir deyib.
M.Cabbarov əlavə edib ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında əsas rol oynayır:
“Tranzit daşımalarının həcmi ilbəil artır. Türkmənistanda müasir nəqliyyat infrastrukturu mövcuddur. Həmçinin ölkəmiz dəniz limanına, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırıb. Bu istiqamətdə səylərimizin region üçün böyük fayda gətirəcəyinə inanırıq.
Ölkələrimizin əhəmiyyətli resurs potensialı var. Bu isə birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii ehtiyatların emalının həyata keçirilməsi üçün geniş imkanlar açır”.










