DİM bu gün keçirilən qəbul imtahanlarının düzgün cavablarını saat 15:00-da canlı yayımda açıqlayacaq
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları (o cümlədən, III qrup üzrə həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanlarını uğurla başa vurub.
DİM-dən verilən rəsmi məlumata görə, bu gün saat 15:00-dan etibarən qurumun rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayım start götürəcək. Canlı yayım zamanı Mərkəzin məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqlarının geniş və ətraflı izahı veriləcək, qapalı və kodlaşdırıla bilən açıq tipli sualların düzgün cavabları ictimaiyyətə təqdim olunacaq.
Abituriyentlər imtahan sualları ilə bağlı öz qeydlərini və onları maraqlandıran sualları “YouTube” platformasındakı müvafiq canlı yayımın şərh bölməsinə yazaraq birbaşa ünvanlaya bilərlər.
Nəticələr nə vaxt elan olunacaq?
İyulun 13-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokollarının və cavab kartlarının (materialların) emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazı tələb edən açıq tipli tapşırıqların yoxlanılması müəyyən vaxt apardığı üçün, imtahan nəticələrinin təxminən 2 həftədən sonra elan edilməsi nəzərdə tutulur.










