Daşkənd media forumunda “İslam sivilizasiyasının mənəvi dəyərləri” adlı sessiya keçirilib
Özbəkistanda keçirilən “İslam sivilizasiyası: yeni baxış, yeni kəşflər” Media Forumunuda “Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi dəyərləri” adlı sessiya keçirilib.
Xəbər Experti xəbər verir ki, sessiyada Quran irsi, qədim əlyazmalar, xəttatlıq, sənədli kino və tarixi mənbələrin öyrənilməsində süni intellektdən istifadə məsələləri diqqət mərkəzində olub.
Əsas layihələrdən biri “114 Quran: İslam dünyasının 114 xəttatlıq şedevri” olub. Layihəni “Mueller & Schindler” nəşriyyat evinin vitse-prezidenti Aleksandr Vilhelm təqdim edib.
Sessiya çərçivəsində, həmçinin “Katta Lanqar Quranı: həqiqət və əfsanələr” adlı beynəlxalq layihənin təqdimatı keçirilib. Təqdimatı İslam Sivilizasiyası Mərkəzinin elmi katibi Rustam Cabbarov edib.
Sankt-Peterburq Sənədli Filmlər Studiyasının baş direktoru Aleksey Telnov “Vahid tarixi irsin səhifələri” layihəsi çərçivəsində hazırlanmış “Məscid” filminin treylerini təqdim edib.
İslamşünas və mədəniyyət xadimi Ketlin Göbel iştirakçıları “Allahın 99 adı: Uca Yaradanı Onun gözəl adları vasitəsilə dərk etmək” adlı nəşriyyat layihəsi ilə tanış edib.
Sessiyada yeni texnologiyalara həsr olunmuş təqdimat olub. İslam Sivilizasiyası Mərkəzinin baş elmi əməkdaşı Zohidullo Munavvarov “Süni intellekt – qədim əlyazmaların oxunması üçün rəqəmsal açar” layihəsini təqdim edib. Proqrama, həmçinin “Peyğəmbərin fəzilətləri” kitabı və “Özbəkistan tarix xəritəsində: imperiyalar, sivilizasiyalar, dövrlər” layihəsi daxil olub.
Bundan əlavə, Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Orif “Jurnalistikada tarix və süni intellekt: irsi onlayn məkanda necə qorumaq olar?” layihəsini, İslam Sivilizasiyası Mərkəzinin Media şöbəsinin rəhbəri Uktam Usmanov isə “Özbəkistanı bütün dünyada şöhrətləndirən alimlər” kitabını təqdim edib.
İslam Sivilizasiyası Mərkəzinin nəzdindəki Xəttatlıq Məktəbinin direktoru Həbibulla Solih müxtəlif ölkələrin və İslam xəttatlığı məktəblərinin ənənələrini bir araya gətirəcək unikal Quranın hazırlanması üzrə Ümumdünya Xəttatlar Müsabiqəsinin elan edildiyini bildirib.
Qeyd edək ki, Forumda 50-yə yaxın ölkədən media və ekspert icmasının təxminən 300 nümayəndəsi – media şirkətlərinin, informasiya agentliklərinin və telekanalların rəhbərləri, jurnalistlər, prodüserlər, alimlər və kreativ sənaye sahəsində çalışan mütəxəssislər iştirak ediblər.








