“Bu, Rusiyanın ən genişmiqyaslı hücumlardan biri idi” – Zelenski
“Rusiyanın dünən gecə endirdiyi hava hücumu nəticəsində 30 yaşayış binasına, məktəbə, xəstəxanaya və uşaq bağçasına ziyan dəyib. Təəssüf ki, Kiyevdə 15 nəfər həlak olub”.
Xəbər Experti xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O vurğulayıb ki, hazırda düşmənin Kiyevə və Kiyev vilayətindəki şəhərlərə hücumunun nəticələrinin aradan qaldırılması üçün tədbirləri davam etdirilir. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin 600-dən çox xilasedici və polis əməkdaşı paytaxt, Brovar və Borispol şəhərlərinə göndərilib.
“Bu, Rusiya tərəfindən hesablanmış ən genişmiqyaslı zərbələrdən biridir. Raketlərin müxtəlif növlərindən və 168 pilotsuz uçuş aparatından istifadə olunub. Bu gün bizim hərbçilər Rusiyanın bütün qanadlı raketlərini vurublar. Ümumilikdə qanadlı raketlərin vurulma faizi 93 faiz təşkil edib, dronların da əhəmiyyətli hissəsi zərərsizləşdirilib”, – Zelenski bildirib.
O vurğulayıb ki, ballistik raketlər ən böyük təhlükə olaraq qalır: “Bu məsələ tamamilə Ukraynanın tərəfdaşlarından və “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket tədarükündən asılıdır”.










