Bayram günlərində Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Xəbər Experti xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Məlumata görə, qeyd olunan tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək. “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, sərnişin axınına nəzarət gücləndiriləcək.
Pik saatlarda “İçərişəhər–Həzi Aslanov” və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə təşkil edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar da xəttə buraxılacaq.
Bundan başqa, Bənövşəyi xətdə qatarların hərəkəti bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud hərəkət qrafiki saxlanılacaq.








