Bayrağı zirvəyə qaldırıb özü əbədiyyətə ucalan şəhid
İnsan dünyaya bir dəfə gəlir, lakin hər kəsə bu dünyadan köçərkən özündən sonra bir Vətən boyda iz qoymaq nəsib olmur. Ömrə dəyər qazandıran onun uzunluğu deyil, insanın hansı amala sədaqətlə yaşaması, nəyin uğrunda canından keçməsidir. Qısa bir ömrə bütöv bir qəhrəmanlıq tarixi sığdırmaq, özündən sonra xalqın yaddaşından heç vaxt silinməyəcək iz qoymaq isə yalnız Vətən sevgisini canından uca tutanlara nəsib olur. Baş leytenant Səid Rəşidzadənin taleyi də məhz belə yazıldı. O, Vətəni canından artıq sevdiyi üçün ömrünü onun yolunda fəda etdi, torpaq olub doğma torpağına qovuşdu. Sinəsində gəzdirdiyi üçrəngli bayrağı azad edilmiş yüksəkliyə qaldırarkən düşmən gülləsinə tuş gəldi. Bayrağı zirvəyə ucaltdığı anda özü də şəhidliyin ən uca məqamına yüksəldi. O gündən Şişqaya yüksəkliyi təkcə azad edilmiş bir Vətən parçası deyil, həm də bir Azərbaycan zabitinin son nəfəsi ilə yazdığı qəhrəmanlıq tarixinin ünvanı oldu.
İnsanın doğulduğu torpaq onun taleyinə elə ilk gündən görünməz bir iz salır. Səid 28 yanvar 1990-cı ildə Füzuli şəhərində anadan olub. Uşaqlığının ilk illəri Qarabağın ağır, narahat günlərinə təsadüf etmişdi. O, hələ körpə ikən doğma yurdunun üzərinə müharibənin kölgəsi düşmüş, Füzulinin böyük bir hissəsi işğal olunmuşdu. Başqa uşaqlar böyüdükcə dünyanın rənglərini tanıyır, Səidin nəslindən olan uşaqlar isə bu rənglərin içində bir də yurd həsrətinin rəngini öyrənirdilər. Onlar üçün Vətən təkcə xəritədə göstərilən ərazi deyildi. Vətən gedə bilmədikləri kəndlər, qayıdacaqları günü gözləyən ocaqlar, böyüklərin danışdıqca kövrəldiyi xatirələr idi. Səid də bu ağrını içində daşıyaraq böyüdü. Doğulduğu torpağın bir hissəsinin işğal altında qalması onun üçün heç vaxt adi bir həqiqətə çevrilmədi. Elə buna görə hər an döyüşə hazır idi. Çünki o, Vətənin azadlığını uzaq bir arzu kimi deyil, bir gün mütləq yerinə yetirməli olduğu borc kimi qəbul etmişdi.
Bakıda, Nərimanov rayonundakı S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil aldığı illərdə gələcək yolunu müəyyənləşdirdi. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2011-ci ildə təhsilini başa vurub zabit kimi xidmətə başladı. Bu seçim onun üçün sadəcə peşə sahibi olmaq deyildi. Hərbi forma geyinmək həm də içində illərlə böyütdüyü Vətən sevgisinə sədaqət göstərmək idi. Qarşıda onu çətin xidmət illəri, ağır sınaqlar, döyüş meydanları gözləyirdi. Səid isə seçdiyi yolun məsuliyyətini yaxşı anlayırdı. O bilirdi ki, zabit olmaq təkcə əmr vermək deyil, lazım gələndə əsgərinin önündə dayanmaq, təhlükəni hamıdan əvvəl qarşılamaqdır.
Səid Rəşidzadə 2016-cı ilin Aprel döyüşlərində general-mayor Polad Həşimovun rəhbərliyi altında vuruşmuşdu. Müharibənin nə olduğunu kitablardan deyil, səngərlərdən öyrənmişdi. Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu ərazidə tağım komandiri kimi xidmət etmişdi. Bu adlar, bu yerlər onun həyatında təsadüfi xatirələr deyildi. Hər birinin arxasında yarımçıq qalmış ömürlər, yerinə yetirilməli olan vəzifələr dayanırdı. Polad Həşimovun şəhid olması xəbəri Səidi dərindən sarsıtmışdı. Vaxtilə rəhbərliyi altında döyüşdüyü komandirin itkisi onun qəlbində onsuz da sönməyən mübarizə əzmini daha da gücləndirmişdi.










