Bakıda Səudiyyə Ərəbistanının Milli Günü qeyd edilib
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.
Xəbər Experti xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan və Səudiyyə Ərəbistanının Dövlət himnləri səsləndirilib. Daha sonra çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli krallığın yaranmasından və onun 96 il ərzində keçdiyi yoldan danışıb.
O deyib ki, Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı münasibətlərin tarixi 1991-ci ildən başlayıb. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutması sayəsində hazırda müxtəlif sahələrdə əhəmiyyətli inkişaf müşahidə olunur.
“Hal-hazırda, biz Hökumətlərarası Birgə Komissiya və Səudiyyə Ərəbistanı – Azərbaycan Birgə İşgüzar Şurası vasitəsilə ticarət və investisiya mübadiləsinin həcminin artırılması istiqamətində çalışırıq. Eyni zamanda siyasi sahədə də Siyasi Məstləşmələr Komissiya vasitəsilə iki ölkənin və xalqların ortaq maraqlarına xidmət edən koordinasiya mövcuddur. Qarşıdakı dövrdə, Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında investisiya və ticarət dövriyyəsinin həcmini qısa bir müddət ərzində iki dəfə artıracaq bir çox ortaq imkanlar mövcuddur”, – səfir deyib.
Əlavə edib ki, Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir. O, G20 (Böyük İyirmilik) qrupunun üzvü, qlobal enerji bazarlarında təsirli gücdür, həmçinin qlobal iqtisadi sabitliyin dəstəklənməsində və enerji təhlükəzliyinin möhkəmləndirilməsində öz liderliyini davam etdirir. Bununla yanaşı, “Yaşıl Səudiyyə” və “Yaşıl Yaxın Şərq” təşəbbüsləri vasitəsilə ətraf mühitin mühafizəsində mühüm rol oynayır ki, bu da onun davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə öhdəliklərinə sadiqliyinin təcəssümüdür.
“Krallıq investisiya və turizm üçün qlobal bir məkana çevrilib, çoxsaylı nəhəng beynəlxalq tədbirlərə ev sahibliyi edir və ölkə daxilində davamlı inkişaf və innovasiyanın gələcəyini əks etdirən qabaqcıl strateji layihələrə başlayıb. Həmçinin Krallıq regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsində etibarlı tərəfdaş, və bir çox humanitar təşəbbüslərdə və sülh səylərində fəal vasitəçi, eləcədə ehtiyacı olan ölkə və xalqalara humanitar yardımlar göstərilməsində lider rol oynayır”, – diplomat bildirib.
Əlavə edib ki, bölgədəki mövcud vəziyyətə baxmayaraq, Səudiyyə Ərəbistanı iqtisadiyyatı sabitliyini qoruyub saxlayıb və inkişaf templərini yüksəldib, “Bu, Allahın lütfü və müdrik rəhbərliyin səyi və onların böhranların idarə olunmasında və həlli istiqamətindəki uzaq görən vizyonu sayəsində Səudiyyə iqtisadiyyatının dayanıqlılığının sübutudur. Krallığın müxtəlif sahələrdə əldə etdiyi tərəqqi dünyanı heyran qoymuş və sübut etmişdir ki, Vizyon 2030 strategiyası sadəcə bir xəyal deyil , hər gün reallaşan bir gerçəklikdir. Səudiyyə Ərəbistanı Krallığını xüsusi olaraq səciyyələndirən cəhət beynəlxalq müstəvidə gedən inkişafla ayağlaşmaqla yanaşı resurslarımızdan səmərəli istifadə edərək vətəndaşlarımızın rifahını yüksəltmək , eyni zamanda da, ərəb və islam dəyərlərimizi qoruyub saxlamaq bacarığımızdır.
Səudiyyə Ərəbistanı Krallığı İslam dünyasına və müsəlmanlara xidmət etmək üçün İki Müqəddəs Məscidə və müqəddəs məkanlara ən ali səviyyədə diqqət və qayğı göstərir və bu da, yerinə yetirməkdən qürur duyduğumuz böyük şərəf olmaqla yanaşı , müdrik rəhbərliyimizin siyasətinin əsas sütunlarından birini təşkil edir. Mən fürsətdən istifadə edərək, Zati-aliləri Prezident İlham Əliyevə xoşbəxtlik və möhkəm can sağlığı, eləcə də qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzulayıram”.
Tədbirdə çıxış edən Baş nazirin müavini Samir Şərifov isə bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir və ölkələr arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir:
“Bu baxımdan, Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən yaradılmış Birgə Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayır. Birgə Komissiya dövlət başçıları tərəfindən əməkdaşlığın gələcək inkişafı ilə bağlı verilən tapşırıqların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərdən biridir”.
Samir Şərifov hazırda Komissiyanın növbəti iclasına hazırlıq aparıldığını, Azərbaycan tərəfinin ev sahibliyi edəcəyi 9-cu iclasın bu ilin sonunda baş tutacağını və əməkdaşlığa keyfiyyətcə yeni məzmun qazandıracağını qeyd edib:
“Həmçinin xüsusi vurğulamaq istərdim ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərara əsasən, 2026-cı ilin fevralından etibarən Səudiyyə Ərəbistanının adi pasportlarına malik vətəndaşları ilkin olaraq bir il müddətinə Azərbaycana vizasız səfər edə bilərlər. Qarşılıqlı səfərlərin asanlaşdırılmasına yönəlmiş daha geniş praktiki tədbirləri həyata keçirməyə hazırıq”.










