#Ölkə

Bakıda Əlcəzair Milli Günü qeyd olunub

Bakıda Əlcəzair Xalq Demokratik Respublikasının Milli Günü – İnqilabının 72-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Xəbər Experti xəbər verir ki, qəbulda hökumət rəsmiləri, deputatlar, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra çıxış edən Əlcəzairin səfiri Zəkiyyə İğıl ölkəsinin ötən müddət ərzində keçdiyi yola nəzər salıb. Səfir deyib ki, Prezident Əbdülməcid Təbbunun rəhbərliyi altında Əlcəzair iqtisadiyyatın şaxələndirilməsi, modernləşdirilməsi və dayanıqlı inkişafı istiqamətində siyasət həyata keçirir, eyni zamanda dialoq, çoxtərəflilik və beynəlxalq hüquqa hörmət prinsiplərinə sadiqliyini qoruyub saxlayır: “Bu öhdəliklərimiz Əlcəzair inqilabının dəyərlərinə əsaslanır. Həmin inqilabın ideyaları ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da əks-səda doğurub”.

Diplomat bildirib ki, minlərlə kilometr uzaqlıqda yaşayan görkəmli şair, Azərbaycanın ilk qadın Xalq şairi fəxri adına layiq görülmüş Mirvarid Dilbazi inqilab qəhrəmanımız Cəmilə Buheyrədə həsr etdiyi “Əlcəzair qızı” əsərini qələmə alıb:

“Biz əlcəzairlilər üçün Mirvarid Dilbazinin bu əsəri azadlıq mübarizəmiz dövründə Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyin xüsusilə təsirli nümunəsi olaraq qalır. Bu həmrəylik Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin, eləcə də xalqlarımız arasındakı əlaqələrin tarixində əhəmiyyətli yer tutur və bu gün inkişaf etdirdiyimiz tərəfdaşlığa xüsusi məna verir. Həqiqətən də, tərəfdaşlığımız siyasi dialoq, parlamentlərarası mübadilələr, genişlənən mədəni əlaqələr, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq sayəsində yeni dinamika qazanıb”.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov çıxışında münasibətlərin tarixindən söz açıb. Bildirib ki, otuz ilə yaxın müddət ərzində işğal altında qalmış, müxtəlif tarixi sınaqlarla üzləşmiş, öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan xalqı Əlcəzair xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin tarixi əhəmiyyətini yaxşı anlayır və bu mübarizəyə böyük hörmətlə yanaşır:

“Xalqlarımızı birləşdirən ortaq mənəvi və mədəni dəyərlər ölkələrimiz arasındakı əlaqələrin əsasını təşkil edir. Bu gün Azərbaycan və Əlcəzair ənənəvi dostluq və qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından indiyədək əlaqələrimiz qarşılıqlı hörmət və etimad prinsipləri əsasında inkişaf edib. Münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, 2022-ci il mayın 1-də Azərbaycan Prezidentiİlham Əliyevin Əlcəzairə ilk səfəri ölkələrimiz arasındakı münasibətlərin tarixinə yeni səhifə açıb”.

Mərasim bədii hissə ilə davam edib.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir