Bakı Təşəbbüs Qrupu Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib
Bakı Təşəbbüs Qrupu (BTQ) 9 Avqust – Dünya Yerli Xalqlar Günü münasibətilə paylaşım edib.
Xəbər Experti xəbər verir ki, təşkilatın açıqlamasında dünyanın müxtəlif bölgələrində yaşayan yerli xalqların mədəniyyətinə, kimliyinə və hüquqlarına diqqət çəkilib.
BTQ Kanakidə (Yeni Kaledoniya) yaşayan kanaklar, Maohi Nuidə (Fransız Polineziyası) yaşayan maohilər, Qvadelupa və Martinikdəki kalinaqo və digər yerli xalqlar, həmçinin Fransız Qvianasındakı Kali’na, Wayana, Wayampi, Teko, Lokono və Palikur xalqları ilə həmrəylik ifadə edib. Sen-Marten, Bonayre və Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan digər ərazilərdəki yerli icmalar da qeyd olunub.
“Onların dilləri, mədəniyyətləri və əcdadlarından qalan torpaqları hörmətə, qorunmağa və ədalətə layiq canlı irsdir”, – paylaşımda bildirilib.
Bakı Təşəbbüs Qrupu yerli xalqların hüquqlarının, ləyaqətinin və öz müqəddəratını təyinetmə hüququnun müdafiəsinə sadiqliyini bir daha bəyan edib və bunu qlobal dekolonizasiya gündəliyinin tərkib hissəsi kimi qiymətləndirib.









