#Ölkə

Bakı-Qazax yolunda yük maşını aşıb, 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyi Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes Atego” markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir