Bakı-Daşkənd: Qardaş ölkələrin yeni yol xəritəsi
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri iki ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoydu. Səfər zamanı qəbul edilən qərarlar və imzalanan sənədlər iki ölkə arasında münasibətlərin yalnız siyasi və diplomatik müstəvidə deyil, iqtisadi, humanitar, nəqliyyat və investisiya sahələrində də daha dərin məzmun qazandığını nümayiş etdirdi. Səfərin ən mühüm nəticəsi Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən Əbədi Dostluq haqqında müqavilənin imzalanması oldu. Strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksələn Bakı-Daşkənd münasibətləri artıq bu müqavilə ilə özünün ən yüksək zirvəsinə çatdı. Sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafı baxımından xüsusi siyasi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti bu müqaviləni sammitin əsas nəticəsi və iki ölkənin ortaq gələcəyə dair baxışını əks etdirən tarixi sənəd kimi qiymətləndirib. Azərbaycan və Özbəkistan artıq yalnız tarixi, mədəni və mənəvi yaxınlığı olan iki qardaş ölkə deyil, münasibətlər konkret müqavilələrə, institusional mexanizmlərə, yol xəritələrinə və birgə layihələrə əsaslanan müttəfiqlik münasibətləridir.
Azərbaycan-Özbəkistan dostluq, müttəfiqlik nümunəsi həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq modelinin formalaşmasına təsir edən strateji tərəfdaşlıq nümunəsi yaradır. Bu gün Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın yaxınlaşmasında Azərbaycan-Özbəkistan münasibətləri xüsusi rol oynayır.
Xəbər Experti 525-ə istinadən xəbər verir ki,Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı deyib ki, dövlət başçısının səfəri əlamətdar bir hadisə oldu.
Səfərin institusional ağırlıq mərkəzi Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi oldu:
“Bu mexanizm 2023-cü ilin avqustunda yaradılıb və artıq üçüncü iclası keçirildi. Bu formatda adətən ən həssas və strateji məsələlərin – məsələn, regional təhlükəsizlik, Orta Dəhliz layihəsinin sürətləndirilməsi kimi mövzular müzakirə edilir və şuranın geniş tərkibli iclasından fərqli olaraq, iki dövlət başçısının şəxsi etimad səviyyəsini əks etdirir.
Səfərin ilk günündə diqqəti çəkən əsas iqtisadi bəyanat Prezident İlham Əliyevin birgə investisiyaların həcmi barədə açıqlaması oldu. O bildirdi ki, bu rəqəm artıq əvvəllər elan olunan 500 milyon dollar həddindən xeyli yüksəkdir. Bu, sadəcə statistik yenilənmə deyil, siyasi siqnaldır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin formalaşdırdığı platforma real şəkildə genişlənib və ilkin kapital həcmini üstələyib.
Bununla paralel, iki lider Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərində birgə iştirak etdilər. Prezidentlərin şəxsən belə tədbirlərdə iştirakı adətən layihələrin siyasi əhəmiyyətini vurğulamaq və investisiya mühitinə etimadı gücləndirmək məqsədi daşıyır. Səfərin ilk günündə xüsusi diqqətəlayiq məqamlardan biri Prezident Əliyevin Özbəkistanı Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə kimi qeyd etməsi oldu. Bu bəyanat rəsmi Bakının narrativində mühüm çəki daşıyır. O, Füzulidəki Özbəkistan təşəbbüsü ilə tikilən məktəb və “Dostluq bağı” kimi konkret layihələri diplomatik səviyyədə rəsmiləşdirir və Daşkəndin Qarabağ məsələsindəki mövqeyini nümunəvi tərəfdaşlıq modeli kimi təqdim edir”.
Deputat imzalanmış sənədlərə də diqqət çəkib: “Şahidi olduğumuz imza mərasimi özlüyündə üç mühüm mesajı daşıyır. Birincisi, sənədlərin sahəvi diapazonu onu göstərir ki, əməkdaşlıq artıq tək bir sektora deyil, iqtisadiyyatın demək olar ki, bütün əsas qollarına yayılıb. İkincisi, dövlət başçıları səviyyəsində imzalanan sənədlərin Ali Dövlətlərarası Şuranın 3-cü iclası ilə eyni gündə baş tutması institusional ardıcıllığı təsdiqləyir. Bu, artıq adi əməkdaşlıq deyil, illik təkrarlanan, proqnozlaşdırıla bilən mexanizmdir. Üçüncüsü, qardaşlaşan şəhərlər, xüsusilə Xankəndi-Urgənc vurğulanmalıdır.
Nəhayət, “Əbədi Dostluq Müqaviləsi”nin özü münasibətlərin diplomatik nərdivanının son pilləsi kimi göstərir ki, Bakı-Daşkənd oxu artıq nə situativ maraqlara, nə də konkret liderlərin şəxsi münasibətlərinə deyil, hüquqi cəhətdən dönməz elan edilmiş uzunmüddətli strateji seçimə əsaslanır. Bu formatın Azərbaycanın diplomatik təcrübəsində yalnız Türkiyə ilə paralel olması Özbəkistanın Bakının xarici siyasət iyerarxiyasında tutduğu istisnai yeri açıq şəkildə göstərir”.










