Azərbaycanlı jurnalistlər İsrailin Qəzza ilə sərhədində – 7 oktyabr hücumunun şahidləri danışıb
İsrailə media-tur çərçivəsində bir qrup azərbaycanlı jurnalist HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumlarının baş verdiyi bir sıra ərazilərdə olublar.
Xəbər Experti 525-ci qəzetə istinadən xəbər verir ki, burada onlar faciənin canlı şahidləri ilə görüşüblər.
Qeyd edək ki, hücum nəticəsində sakinlərin bir qismi həlak olub, bəziləri isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Qəzza zolağının yaxınlığında yerləşən Nahal Oz Kibbutza səfər zamanı jurnalistlər sakin Oşrit Sabaq ilə həmsöhbət olublar. O bildirib ki, hücumdan sonra düşünüb ki, burada qalmalıdır, yoxsa getməlidir? Uşaqlarını belə bir terrorun yanında böyütsün?
“Həyatımda ilk dəfə ailəmi düşündüm. Mənim ailəmin bölgə ilə tarixi bağları var. Bunu başa düşmək lazımdır: dünyanın bir çox yerində insanlar düşünürlər ki, yəhudilər Avropadan Yaxın Şərqə paraşütlə gətiriliblər. İsraillilərin yalnız 20 faizi Avropa mənşəlidir, böyük əksəriyyətimiz buradandır. Mənim yəhudi köklərim var. Ailəm 16 nəsildir ki, buradadır. İnsanlar bizə imperialist deyirlər. Mən istəsəm belə, imperialist ola bilməzdim. Başa düşürsünüz? Mən bu torpaqların yerli əhalisindənəm. Yaxın Şərq yəhudisi olaraq mən Liviyaya qayıda bilmərəm. Anam Liviyadan olan qaçqındır. O, qorxu içində oradan qovulub. Mən hara getməliyəm? Mən iliyimə qədər Yaxın şərqliyəm, Şimali afrikalıyam, bura mənim yerimdir”, – o deyib.










