Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
BÜTÜN QAFQAZIN ŞEYXİ: “VATİKANIN İNFORMASİYA VASİTƏLƏRİNDƏ ERMƏNİLƏR AZƏRBAYCANA DAİR SAXTA MƏLUMAT YAYMAĞA ÇALIŞIRLAR”
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.
Xəbər Experti xəbər verir ki, memorandumu Müqəddəs Taxt-Tacından adından Dinlərarası Dikasteriya Mərkəzinin rəhbəri Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar. Memorandumun əhəmiyyətini qeyd dən Kardinal Kuvakad bu sənədin dinlərarası dialoqun dərinləşməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. Kardinal Kuvakad Azərbaycana gəlişi zamanı burada sülh və harmoniyanın necə yüksək səviyyədə təşviq edildiyini də xatırladıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xüsusi olaraq qeyd edib. Kardinal eyni zamanda Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları İdarəsi arasında hələ ötən əsrin 90-ci illərindən yarandığını diqqətə çatdırıb. Dikasteriyanın rəhbəri həmçinin qeyd edib ki, bu gün dünyada dinlərdən, xüsusilə islam dinində manipulyasiya aləti kimi istifadə edirlər və bu yolverilməzdir: “Dikasteriya mərkəzinin rəhbəri olaraq bu məsələdə mən də özümü məsuliyyətli hesab edirəm’’.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriya Mərkəzinin rəhbərinə çatdırıb. Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq, hazırda Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsi, onun əhəmiyyətindən bəhs edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikanın Səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib. Bütün Qafqazın Şeyxi həmçinin bildirib ki, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırıb. Görüş zamanı Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları arasında əməkdaşlığın perspektivləri, görüləcək işlər də müzakirə olunub. Şeyxülislam Allahşükür Paşazadə bu ilin mart ayında Qafqaz Müsəlmanlarının təşəbbüsü və təşkilatçılğı ilə Romada bütün dinlərin nümayəndələri üçün keçirilmiş iftar süfrəsinin dinlərarası dialoqun dərinləşməsində mühüm rol oynadığını qeyd edib:
“Bu gün dünyada münaqişə ocaqları var, Yaxın Şərqdə, Ukraynada. Vatikanda Papanın təşəbbüsü ilə keçiriləcək Dinlərarası Konfrans bu baxımdan vacibdir ki, din xadimləri siyasi xadimlərə təsir göstərərək, bu münaqişələri dayandıra bilsinlər”.
Kardinal Kuvakad digər müsəlman dini mərkəzləri və onların nüfuzlu rəhbərlərinin sözügedən Konfransa məhz Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə dəvət olunmalarının vacibliyini ifadə edib. Bütün Qafqazın Şeyxi eyni zamanda son vaxtlar Vatikanın informasiya agentliyi olan “Vatikan News”da bəzən erməni mənbələrinə əsaslanan yalan məlumatların da yayıldığını qeyd edib, bununla bağlı əsaslı dəlillər təqdim edib. Məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini qeyd edən Kardinal Kuvakad problemin aradan qaldırılacağını bildirib. Bütün Qafqazın Şexi Kardinal Kuvakada Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılmış şəraitə görə dərin minnətdarlığını bildirib.
Daha sonra Anlaşma Memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim edilməsi baş tutub.
Qeyd edək ki, Anlaşma Memorandum 4 fevral 2019-cu il tarixli “Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”nə istinadən həyata keçirilən ilk təşəbbüs kimi qiymətləndirilir.










