#Ölkə

“Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır” – Norman

“Azərbaycan Birləşmiş Krallıq tərəfdaşlığı enerji sahəsindən çox kənara çıxıb. Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir”. 

Xəbər Experti xəbər ki, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan dəyərli tərəfdaşdır; iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur.

“Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiya kimi sahələrdə daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan iki ölkənin xalqları üçün real faydalar təmin edən ortaq bir gələcək qururlar.

İqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir. Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional əlaqələr sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda verəcək”, – səfir vurğulayıb.

Əlavə edib ki, BP bazara daxil olandan bəri otuz ildir ki, enerji Azərbaycanla olan münasibətlərimizin əsasını təşkil edir – biz bu mirasla fəxr edirik: “Birləşmiş Krallığın təmiz enerji sektoruna investisiya qoyması və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik. Enerjidən başqa, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir. Biz Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar (data) üzrə təbii bir mərkəz kimi görürük”. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir