#Ölkə

Uşaqların sosial şəbəkə platformalarında iştirakı yeni tələblər əsasında tənzimlənəcək

16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında qeydiyyatına dair tələblər müəyyənləşib. Bu tələblər tətbiqi barədə Prezident İlham Əliyevin 5 avqustda Fərman imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb. Qanuna əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün şəxsin yaşının bəyan edilməsi, şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi və s. texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir.

Bu Qanunda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir. Qanunda nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.

16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu Qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər. Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

“Ümidli” Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri, uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Kəmalə Aşumova hesab edir ki, sosial şəbəkələrdə uşaqların qeydiyyatı zamanı yaşın yoxlanılması mexanizminin tətbiqi, bununla bağlı qanunvericiliyə edilən dəyişikliklər uşaqların hüquqlarının müdafiəsi baxımından çox vacib və vaxtında atılmış addımdır: “Sosial şəbəkələr və rəqəmsal platformalar uşaqlara təhsil almaq, ünsiyyət qurmaq və öz bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Lakin bununla yanaşı, kiberzorakılıq, cinsi istismar məqsədilə əlaqələrin qurulması, zərərli məzmun, dezinformasiya və psixoloji təzyiq kimi ciddi risklər də mövcuddur. Bu risklər artıq təkcə ölkəmizdə deyil, bütün dünyada narahatlıq doğuran problemlər sırasındadır. Məhz buna görə də dövlətin uşaqların yaş xüsusiyyətlərinə uyğun təhlükəsiz rəqəmsal mühit yaratmaq məqsədilə hüquqi mexanizmlər formalaşdırması olduqca əhəmiyyətlidir. Bəzən qanunvericilikdə “məhdudiyyət” ifadəsi yanlış anlaşılır və sanki uşaqların internetdən uzaqlaşdırılması kimi qiymətləndirilir. Halbuki məqsəd qadağa tətbiq etmək deyil. Məqsəd valideyn məsuliyyətini gücləndirmək, ailədaxili ünsiyyəti möhkəmləndirmək, uşaqlarda rəqəmsal mühitdən təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaq, eyni zamanda, platforma sahiblərinin də məsuliyyətini artırmaqdır. Bu mexanizmlərin tətbiqi zamanı şəxsi məlumatların məxfiliyinin qorunması əsas prinsiplərdən biri olmalıdır. Yaşın təsdiqlənməsi prosesində minimum həcmdə məlumatın toplanması və həmin məlumatların təhlükəsizliyinin təmin edilməsi xüsusi diqqət tələb edir”.

Onun sözlərinə görə, yaşın yoxlanılması mexanizminin əsas məqsədi uşaqların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında nəzarətsiz qeydiyyatının və istifadəsinin qarşısını almaq, onların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək məzmunlardan qorunmasını təmin etməkdir. Eyni zamanda, bu mexanizm uşaqların hüquqlarının qorunmasına görə bütün tərəflərin – ilk növbədə valideynlərin, platforma sahiblərinin və bu sahədə fəaliyyət göstərən qurumların məsuliyyətini artırmağa xidmət edir: “Bu yanaşma beynəlxalq təcrübə ilə tam uzlaşır və son illərdə bir çox ölkələrdə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması məqsədilə oxşar hüquqi mexanizmlər tətbiq edilir. Müxtəlif dövlətlərdə yaş həddi 15, 16 və ya 18 yaş müəyyən edilsə də, bu fərqlər uşaqların psixoloji və fizioloji inkişaf xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir. Qanunun effektivliyi isə yalnız nəzarət və sanksiyalarla deyil, preventiv tədbirlər və maarifləndirmə ilə təmin oluna bilər. Məqsəd uşaqları internetdən uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdən təhlükəsiz istifadəsini təmin etməkdir”.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu tənzimləmə valideynlərin öz övladlarını müxtəlif sosial şəbəkə platformalarında qeydiyyatdan keçirmələrinə imkan verməyəcək. Çünki bəzi hallarda valideynlər özləri övladları üçün hesablar açır və onları sosial şəbəkələrə yönləndirirlər: “Hesab edirəm ki, bu boşluğun aradan qaldırılması üçün də müvafiq mexanizmlər tətbiq olunmalıdır. Şagirdlərin təhsil göstəricilərinin yüksəldilməsi və media savadlılığının inkişaf etdirilməsi baxımından bu cür tənzimləmələr artıq zərurətə çevrilib. Belə olan halda sosial şəbəkələrdən təhlükəsiz istifadə məsələsi də tədricən öz həllini tapacaq. Eyni zamanda, uşaqların müxtəlif platformalar vasitəsilə ailə büdcəsinə mənfi təsir göstərə biləcək fəaliyyətlərə cəlb olunmasının qarşısı alınacaq. Buraya kazino və mərc oyunlarına vəsait yönəldilməsi, müxtəlif onlayn oyunlar zamanı pul vəsaitlərinin xərclənməsi kimi hallar daxildir”.

Ekspert hesab edir ki, yeni tələblər uşaqların və yeniyetmələrin zərərli məlumatlardan və təhlükəli paylaşımlardan uzaq saxlanılmasına da mühüm töhfə verəcək. “Qanunun tətbiqi ilə bağlı müəyyən hüquqi müzakirələr aparıla bilər və bəzi şəxslər bunu vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi təqdim etməyə çalışacaqlar. Lakin burada əsas məqsəd uşaqların gələcəyinin, təhlükəsizliyinin və təhsilinin qorunmasıdır. Təəssüf ki, bəzi şəxslər üçün bu məsələlərdən daha çox sosial şəbəkələrdə paylaşımlarının daha geniş auditoriya tərəfindən izlənilməsi maraq kəsb edir. Ona görə də mövzuya məhz uşaqların maraqları prizmasından yanaşmaq lazımdır. Qanunun səmərəli icrası baxımından ən böyük məsuliyyət valideynlərin üzərinə düşür: “Valideynlər qəbul edilən qərarlara əməl etməli, övladlarının sosial şəbəkələrdən istifadəsinə nəzarəti gücləndirməlidirlər. Yalnız dövlət qurumlarının deyil, ailələrin də bu prosesdə fəal iştirakı uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək”.

Sosial mediada təqdim olunan “ideal” həyat tərzi yeniyetmələrdə öz ailələri və həyatları ilə bağlı davamlı müqayisə hissi yaradır ki, bu da narazılıq və emosional gərginliyə səbəb ola bilər. Yaşa uyğun tənqidi düşüncə formalaşmadığı üçün uşaqlar və yeniyetmələr müxtəlif zərərli ideologiyaların, manipulyativ məzmunların və radikal təsirlərin hədəfinə çevrilə bilərlər. Bu risk kifayət qədər böyükdür və onların dünyagörüşünə, davranışına və gələcək seçimlərinə mənfi təsir göstərir. Əsas məsələ yalnız qadağa deyil, onun düzgün izah olunması və maarifləndirmə ilə müşayiət edilməsidir. Qadağalar səbəbləri izah edildikdə qaydaya çevrilir və cəmiyyət tərəfindən daha asan qəbul olunur. Valideyn nəzarəti, rəqəmsal savadlılıq və yaşa uyğun məhdudiyyətlər birlikdə tətbiq olunarsa, uşaqların daha sağlam rəqəmsal mühitdə böyüməsinə və məsuliyyətli internet istifadəçisi kimi formalaşmasına töhfə verə bilər.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir