Argentinada helikopter qəzası – 7 nəfər ölüb
Argentinanın qərbindəki San Xuan əyalətində helikopter qəzaya uğrayıb.
Xəbər Experti xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində Əyalət Mülki Müdafiə Direktoru və təhlükəsizlik rəsmiləri də daxil olmaqla yeddi nəfər həlak olub.
San Xuan qubernatoru Marselo Orreqo sosial mediada “Bell 412” helikopterinin hələlik müəyyən edilməmiş səbəbdən San Xuanın İçiqualasto Əyalət Parkı ərazisində qəzaya uğradığını təsdiqləyib. “Təəssüf ki, 7 nəfərin həyatına son qoyan helikopter qəzası xəbərini dərin kədərlə aldıq. Bu böyük kədər anında bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı vermək istəyirəm. Sevdiklərini itirən hər bir insanın yanındayıq”, – deyə o bildirib.
Həyatını itirənlər arasında San Xuan Mülki Müdafiə Direktoru Karlos Heredia, Əyalət Polis Rəisinin müavini German Videla və yanğınsöndürmə idarəsinin rəsmiləri Ruben Kastro və Xorxe Karbaxal da var.
Argentinanın Meşə Yanğını Mühafizə Bölməsinin (AFE) açıqlamasında bildirilib ki, helikopter San Xuanda təlim üçün istifadə olunurdu və meşə yanğınının söndürülməsinə kömək etmək üçün qonşu La Rioja əyalətinə getməli idi.










