Tramp İsveçrə saatlarının ABŞ-a idxalını bloklamaqla hədələyib
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsveçrə ilə ticarət balansındakı kəsir bir imza ilə aradan qaldıra bilər. Bunun üçün saatlar da daxil olmaqla, İsveçrədən idxal olunan malların ABŞ bazarına girişini qadağan etmək kifayətdir.
Xəbər Experti xəbər verir ki, bu barədə o, Punchbowl News portalına deyib.
“Biz bir çox ölkəni elit ölkələrə çeviririk. İsveçrəyə baxın. Bizim bu ölkə ilə 39 milyard dollar kəsirimiz var. Mən bu kəsiri bir imza ilə aradan qaldıra bilərəm və o zaman onlar artıq elit ölkə olmayacaqlar. Sadəcə deməyim kifayətdir ki, “Mənə sizin saatlarınız lazım deyil. Mənə sizin heç bir məhsulunuz lazım deyil”. Beləliklə, biz 39, 40, hətta 41 milyard dollar qənaət etmiş olarıq, onlar isə elit ölkədən böyük problemlərlə üzləşən ölkəyə çevrilərlər. Amma xoşbəxtlikdən mən yaxşı insanam”, –ABŞ prezidenti vurğulayıb.
Tramp deyib ki, çox ölkələrdə, xüsusən də İsveçrədə faiz dərəcələri aşağı olaraq qalır, çünki ABŞ həmin dövlətləri maliyyə baxımından dəstəkləyir:
“Biz yenidən ən aşağı faiz dərəcəsinə malik ölkə olmalıyıq. Çünki digər ölkələrdə faiz dərəcələri aşağıdırsa, bu, bizim sayəmizdədir. Biz dünyanın bir çox ölkəsini, o cümlədən elit ölkələri maliyyələşdiririk”.
Onun sözlərinə görə, ABŞ hər il İsveçrəyə təxminən 40 milyard dollar həcmində ticarət profisiti qazandırır: “Biz bu 40 milyard dolları İsveçrəyə hazır şəkildə təqdim edirik”.










