Peru İranla diplomatik əlaqələri kəsir
Peru Yaxın Şərqdə münaqişələri qızışdırmaqda günahlandırdığı İranla diplomatik əlaqələri kəsir.
Xəbər Experti xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Bəyanatda İranın nüvə silahı istehsalının qarşısını almaq məqsədi daşıyan yoxlamalara mane olması qəti şəkildə pislənilir.
Həmçinin İranın Hörmüz boğazında beynəlxalq ticarətin pozulmasına görə məsuliyyət daşıdığı vurğulanıb:
“Peru hökuməti Yaxın Şərqdə sabitliyi təhdid edən və beynəlxalq sülhə və təhlükəsizliyə ciddi mənfi təsir göstərən həssas vəziyyətlə bağlı müxtəlif hallarda öz qınaq və dərin narahatlığını bildirib. İranda demokratiyanın tənəzzülü, o cümlədən dinc nümayişlərin yatırılması, mətbuat azadlığının pozulması, qadınlara və qızlara qarşı ayrı-seçkilik və siyasi rəqiblərə qarşı repressiyalar, Birləşmiş Millətlər Təşkilatının müxtəlif mexanizmləri tərəfindən də ifadə edildiyi kimi, böyük narahatlıqla izlənilir”.
Bəyanatda qərarın Ekvadordakı İran səfirliyinə çatdırıldığı və konsulluq əlaqələrinin hər iki ölkə vətəndaşlarının hüquqlarını qorumağa davam edəcəyi vurğulanıb.








