Meksika səfirliyi “Ölülər Günü”nü qeyd edib
Bakıda Meksika səfirliyi “Ölülər Günü” münasibətilə tədbir keçirib.
Xəbər Experti xəbər verir ki, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bu gün barədə məlumat verib.
Diplomat deyib ki, Meksikada “Ölülər Günü” adətən noyabrın 1-də qeyd olunur:
“Həmin gün biz dünyadan köçən əzizlərimizi yad edirik. Amma kədərli hissələrə qapılmırıq, yalnız ümidlə yaşayırıq. Yəni dünyasını dəyişən əzizlərimizin bu gün istiliyini hiss edir və sanki yenidən onların yanımızda olduqlarını duyuruq. Məhz elə buna görə də həmin günə aid bir sıra nümunələr və əşyalar təqdim olunur.
Bununla bağlı hazırlanan bir neçə qatdan ibarət altar yerlə göyün qatlarını simvolizə edir. Ən son qat isə cənnəti tərənnüm edir. Bilirsiniz ki, adətə görə, dünyasını dəyişən əzizlərimizin ruhlarını yad etmək və ruhları şad olsun deyə, vaxtilə xoşladıqları əşyaları, təamları burada sərgiləyirik. Maraqlısı odur ki, bu ilin altarı həm yerli Azərbaycan ustaları tərəfindən işlənib, eyni zamanda birbaşa Meksikadan gətirilən əşyalarla zənginləşdirilib. Ümidvaram ki, bu gözəl ənənə hər zaman sizin tərəfinizdən də rəğbətlə qarşılanacaq”.
Xanım səfir deyib ki, Meksikadan bu günlə bağlı xüsusi posterlər də göndərilib: “Onları sizə təqdim edirik. Bu posterlərdə həyatla ölüm arasında heç bir sərhədin olmadığını açıq şəkildə görə bilərsiniz. Sonda onu da elan etmək istərdim ki, bu sərgi bir həftə ərzində nümayiş olunacaq. Əgər bu gün burada iştirak etmək istəyən, lakin xəbəri olmayan tanışlarınız varsa, onlara da məlumat verə bilərsiniz ki, buranı ziyarət etsinlər”.
Sonda iştirakçılara Meksika şirniyyatları təqdim edilib.








