İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir – KİV
İtaliya miqrantların yerləşdirilməsi mərkəzlərinin yaradıla biləcəyi ölkələr sırasında Ermənistanı da nəzərdən keçirir.
Xəbər Experti xəbər verir ki, bu barədə ölkənin “Corriera Della Sera” nəşri yazıb.
Nəşr qeyd edir ki, İtaliyanın Baş naziri Ciorcia Meloni Avropa İttifaqı səviyyəsində miqrasiya siyasətinin sərtləşdirilməsi təşəbbüsünü irəli aparmaq üçün bir sıra Avropa ölkəsinin dəstəyindən istifadə etmək niyyətindədir.
22 ölkənin imzaladığı birgə məktubdan sonra Roma “Albaniya modeli”nə əsaslanan miqrant repatriasiya mərkəzləri təcrübəsini genişləndirməyi və əsasən Avropa maliyyəsi ilə Afrika ölkələrində oxşar obyektlərin yaradılmasını təklif edir.
İtaliya artıq Ruanda, Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, eləcə də Özbəkistan, Monteneqro və Ermənistan da daxil olmaqla potensial tərəfdaş ölkələrin ilkin siyahısını hazırlayıb.
Bundan əlavə, Roma inkişaf etməkdə olan ölkələrin Avropa İttifaqı tərəfindən əldə etdikləri ticarət güzəştlərinin həmin ölkələrin readmissiya məsələsində əməkdaşlıq səviyyəsi ilə daha sərt şəkildə əlaqələndirilməsini təklif edir. Bununla da İtaliya qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə təkcə miqrasiya siyasəti alətlərindən deyil, həm də iqtisadi mexanizmlərdən istifadə etməyə çalışır.
Meloni, həmçinin miqrasiya siyasəti ətrafında daha geniş Avropa koalisiyası qurmağa çalışır. Almaniya təşəbbüsün tərəfdarları arasındadır, Fransa isə birgə məktuba qoşulmayıb. Roma bunu Paris və İtaliya hökuməti arasında miqrasiya məsələləri ilə bağlı fikir ayrılıqları ilə əlaqələndirir.
İtaliyanın İspaniya ilə münasibətləri xüsusilə gərgin olaraq qalır. Meloni hökuməti Baş nazir Pedro Sançesin miqrasiya siyasətini tənqid edir və onu çox yumşaq hesab edir. Bu fonda rəsmi Roma yanaşmasının Avropada geniş dəstək qazandığını nümayiş etdirmək niyyətindədir.
Nəşr yazır ki, Meloni İtaliya miqrasiya siyasəti modelini ümumavropa səviyyəsinə qaldırmağı və Afrika ölkələri ilə Aİ əməkdaşlığı üçün uzunmüddətli strategiya hazırlamağı hədəfləyir.










