“Gölün adı həmişə Ontario olacaq” – Baş nazir Trampın qərarı barədə
“ABŞ Prezidenti Donald Trampın Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı qərarı kanadalıların bu məsələdə mövqeyinə heç bir təsir göstərməyəcək”.
Xəbər Experti xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni bildirib.
“Kanadalılar başa düşürlər ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu gölün adı Ontariodur – bu gün də, həmişə də belə olacaq”, – o, X sosial şəbəkəsində yazıb.
Karni xatırladıb ki, ABŞ və Kanada sərhədində yerləşən gölə bu adı huron hinduları verib. Tərcümədə bu, ‘gözəl göl, böyük göl’ deməkdir.
Baş nazir vurğulayıb ki, bu ad 400 ildən çox əvvəl, Kanada və ABŞ kimi ölkələr dünya xəritəsində meydana çıxmazdan əvvəl yaranıb:
“Biz başa düşürük ki, ABŞ dəyişir. Onlar ticarət əlaqələrinə və xarici siyasətə dəyişikliklər edir, milli abidələri və coğrafi adları da dəyişir”.
Cümə axşamı ABŞ Prezidenti Donald Tramp gölün adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. O, daha əvvəl bildirib ki, gölün Kanadadan daha çox ABŞ-a aid olduğunu düşünür və buna görə də adın bunu əks etdirməli olduğunu düşünür.
Adın dəyişdirilməsi ABŞ və Kanadanın ticarət sahəsindəki mübahisəli məsələlərə həll yolu tapmağa çalışdığı, lakin buna nail olmadığı və bir-birini gömrük rüsumları ilə hədələdiyi bir vaxta təsadüf edir.
Tramp ikinci prezidentlik müddətində coğrafi adları ilk dəfə dəyişdirmir. Belə ki, onun təşəbbüsü ilə Alyaskadakı Denali dağı Mak-Kinli dağı adlandırılıb, Meksika körfəzinin adı isə Amerika körfəzi olaraq dəyişdirilib.








