Ermənistan Rusiyadan Avrasiya İqtisadi İttifaqına şikayət edib
“Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) Rusiyanın erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı şikayət edib”.
Xəbər Experti xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan brifinqdə bildirib.
Qasparyan deyib ku, məsələ Aİİ çərçivəsində nəzərdən keçirilir:
“Belə maneələrin aradan qaldırılması üçün istifadə edilə biləcək konkret mexanizmlər mövcuddur. Biz bu imkanlardan fəal şəkildə istifadə edirik. Şikayət təqdim etmişik və ümid edirik, əminik ki, maneələrin aradan qaldırılması üçün mexanizmlər işləməlidir”.
Nazir müavini deyib ki, tətbiq edilən məhdudiyyətlər Aİİ çərçivəsində müəyyən edilmiş razılaşma və prinsiplərə uyğun deyil:
“Bizim fikrimizcə, bu maneələr Aİİ çərçivəsində əldə edilmiş razılaşma və prinsiplərə uyğun gəlmir. Məhz buna görə də Aİİ-nin öz prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün mübarizə aparırıq”.
Qasparyan qeyd edib ki, Ermənistan pozulmuş prinsiplərin bərpası üçün Aİİ-nin mövcud alətlərindən istifadə edir.
Qeyd edək ki, “Rosselxoznadzor” Ermənistandan bir sıra məhsulların, o cümlədən gül, təzə pomidor, xiyar, bibər, göyərti,meyvələr bə s. tədarükünə qadağa qoyub.








