“Çin-Azərbaycan ticarət həcminin rekord göstəricilərə çatacağı gözlənilir” – Səfir
“Cari il Çin-Azərbaycan münasibətləri üçün həqiqətən də nailiyyətlərlə zəngin bir il olub. ÇXR Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi sayəsində bizim yüksək səviyyəli əməkdaşlığımız dövlətlər arasında qarşılıqlı etimad, bərabərlik və dostluq tərəfdaşlığı nümunəsi kimi çıxış edir”.
Xəbər Experti xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri xanım Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümü münasibətilə rəsmi qəbulda deyib.
O bildirib ki, biz suverenliyin, müstəqilliyin və ərazi bütövlüyünün müdafiəsi məsələlərində həmişə bir-birimizi dəstəkləyir, həmçinin bir-birimizin seçdiyi inkişaf yoluna hörmətlə yanaşırıq.
“Praktiki əməkdaşlıq münasibətlərimizin möhkəm təməlini təşkil edir. Cari ildə Çin və Azərbaycan arasında ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımız xalqlarımıza əməli fayda gətirir. Bu günlərdə Çin ilə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında Hökumətlərarası Saziş imzalanın ki, bu da qarşılıqlı əlaqələr sahəsində əməkdaşlığımıza əlavə təkan verəcəkdir”, – səfir söyləyib.
Əlavə edib ki, qarşılıqlı vizasız rejim sayəsində iki ölkə arasında humanitar mübadilələr getdikcə daha intensiv xarakter alır. Azərbaycan gəncləri arasında Çin mədəniyyətini və dilini öyrənməyə böyük maraq müşahidə olunur:
“Gələcəyə nəzər salsaq, demək olar ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının parlaq perspektivləri və böyük potensialı vardır. Çin ölkələrimizə və xalqlarımıza daha çox bəhrə vermək üçün iki dövlət başçısının əldə etdikləri mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi istiqamətində Azərbaycanla səylərini birləşdirməyə hazırdır”.








