#Ölkə

“Azərbaycan Tacikistanın ən mühüm tərəfdaşlarından biridir” – Səfir

“Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir”.

Xəbər Experti xəbər verir ki, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon ölkəsinin dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir.  Azərbaycanla münasibətlərimiz isə səmimi dostluğa əsaslanır”, – səfir bildirib.

Onun sözlərinə görə, iki ölkənin xalqlarını dərin tarixi, mədəni və mənəvi əlaqələr, ümumi ənənələr və qarşılıqlı hörmət birləşdirir:

“Bunu yüksək səviyyəli qarşılıqlı səfərlər də nümayiş etdirir.  Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dörd dəfə, Azərbaycan Prezidenti İlham Əliyevin isə Tacikistana üç dəfə rəsmi səfər edib”.

Səfir vurğulayıb ki, Tacikistan-Azərbaycan münasibətlərinin əsası Emoməli Rəhmon və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Əlavə edib ki, 2024-cü il mayın 23-ü Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırıb.

O, bu ilin may ayında Bakıda Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının keçirildiyini xatırladıb. Bildirib ki, 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 84 faiz,  strateji əhəmiyyətli tranzit yükdaşımalarının həcmi isə 50 faiz artıb. 

Diplomat bildirib ki, hazırda Tacikistan-Azərbaycan əməkdaşlığı siyasi, ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və humanitar sahələrdə ardıcıl şəkildə inkişaf edir.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir