“Azərbaycan bizim üçün qardaş ölkədir” – Özbəkistan səfiri
“2026-cı ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri xüsusi tarixi əhəmiyyət daşıdı. Səfərin mühüm nəticələrindən biri dövlətlərimiz arasında strateji müttəfiqliyin yeni mərhələsini açan Əbədi Dostluq haqqında Müqavilənin imzalanması oldu”.
Xəbər Experti xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ölkəsinin milli bayramı – Müstəqilliyin 35-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün münasibətlərimiz konkret layihələr və real nəticələrlə zənginləşir. Humanitar əlaqələrimiz də sürətlə möhkəmlənir.
“Bakıda “Özbəkistan” parkının yaradılmasına başlanılıb, Özbəkistan səfirliyinin yeni binası açılıb, mədəni və təhsil mübadilələri genişlənir, regionlar və şəhərlər arasında əlaqələr güclənir. İqtisadiyyat ölkələrimizi yaxınlaşdırır, mədəniyyət və insanlar arasında əlaqələr isə qəlblərimizi birləşdirir.
Özbəkistan üçün Azərbaycan sadəcə strateji tərəfdaş və müttəfiq deyil. Azərbaycan bizim üçün qardaş ölkədir. Biz sülhə, sabitliyə, davamlı inkişafa və xalqlarımızın rifahına aparan ortaq məqsədləri bölüşürük”, – diplomat vurğulayıb.
O əlavə edib ki, Prezident Şavkat Mirziyoyev ilə Prezident İlham Əliyev arasında qarşılıqlı etimadı və şəxsi münasibətləri yüksək qiymətləndiririk. İki liderin siyasi iradəsi münasibətlərimizə misilsiz dinamika qazandıraraq onları müttəfiqlik səviyyəsinə yüksəldib:
“Əminəm ki, qarşıda Özbəkistan və Azərbaycanı daha çox birgə layihələr, genişlənən ticarət və investisiyalar, yeni nəqliyyat marşrutları, enerji təşəbbüsləri və inkişaf imkanları gözləyir”.
Diplomat əlavə edib ki, iki ölkənin tərəfdaşlığı Mərkəzi Asiya ilə Qafqaz arasında körpüdür.








