Almaniya Suriyaya birbaşa uçuşları bərpa edib
Almaniya ilə Suriya arasında birbaşa hava əlaqəsi on ildən çox davam edən fasilədən sonra bərpa olunub.
Xəbər Experti xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu səhər Düsseldorfdan Suriyanın paytaxtı Dəməşqə Airbus A320-200 təyyarəsi yola düşüb. Bu, on ildən çox müddətdə Suriyaya ilk birbaşa uçuşdur.
“Leav Airlines” şirkətindən bildirilib ki, əvvəlcə 180 sərnişin tutumuna malik təyyarədə həftədə iki uçuş həyata keçirmək planlaşdırılır. Yeni təklif əsasən Almaniyadakı böyük Suriya diasporuna, eləcə də işgüzar səfər edənlərə yönəlib.
İyul ayında hər iki ölkənin nümayəndələri Dəməşqdə ikitərəfli hava nəqliyyatı haqqında müqavilə imzalayıblar. Sənəd birbaşa uçuşlar üçün hüquqi çərçivəni müəyyən edib.
Bu yaxınlara qədər humanitar missiyalar və BMT tərəfindən tələb olunan uçuşlar istisna olmaqla Almaniyanın Suriyaya uçuş qadağası var idi. Lakin bu qadağa bir neçə gün əvvəl başa çatıb. Almaniyanın Nəqliyyat Nazirliyi vəziyyətin yaxşılaşdığını və artıq dövlət qadağasına ehtiyac olmadığını bildirib. Bununla belə, ölkənin Xarici İşlər Nazirliyi riskləri xatırladaraq, Suriyaya səyahətlə bağlı xəbərdarlıq etməyə davam edir.










