#Dünya

ABŞ və Çin ticarət sazişinin müddətini uzadıblar

ABŞ və Çin Pusan ticarət sazişinin müddətini 2027-ci il yanvarın 10-dək uzatmaq barədə razılığa gəliblər. 

Xəbər Experti xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox News”a deyib.

O bildirib ki, bununla tərəflərin iqtisadi cəbhədə nələr edə biləcəklərinə baxmaq üçün daha çox vaxtı olacaq.

Ötən il ABŞ və Çin liderlərinin Cənubi Koreyanın Pusan şəhərində yerləşən Kimhe aviabazasında keçirilən görüşü zamanı bir sıra razılaşmalar əldə olunmuşdu və onların qüvvədə olma müddəti noyabrın 10-da başa çatmalı idi. Razılaşmalara əsasən, Vaşinqton Çin mallarına tətbiq olunan gömrük rüsumlarını azaldıb, Pekin isə ABŞ-dan kənd təsərrüfatı məhsullarının alınmasına icazə verib və nadir torpaq metallarının tədarükünü davam etdirməyə razılaşıb.

Bundan bir neçə gün əvvəl Bessent Çin Dövlət Şurasının Baş nazir müavini He Lifenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə son dərəcə uğurlu danışıqlar apardığını bildirib. O, tərəflərin, xüsusilə də neyron şəbəkələrin inkişafı sahəsində əməkdaşlıq üçün “ABŞ-Çin süni intellekt dialoqu” adlandırılacaq yeni mexanizmin yaradılmasını müzakirə etdiklərini qeyd edib.

Qeyd edək ki, Çin Sədri Si Cinpin ABŞ-da dövlət səfərindədir. 

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir