Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, hazırda 2326 nəfər zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron müraciət edib. İndiyədək 1224 namizədin müraciəti təsdiqlənib. Müraciəti təsdiq edilən namizədlər üçün müsahibə mərhələsi oktyabrın 1-dən başlanacaq. Namizədlər sistem vasitəsilə onlara təqdim edilən vaxtlardan özlərinə uyğun olan müsahibə vaxtını seçməlidirlər.
Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. Namizədin təhsil haqqında sənədləri və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır. Müsahibələr DİM-in inzibati binasında və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq.










